Müasir çağırışlara ən yaxşı nümunə
Siyasət

Müasir çağırışlara ən yaxşı nümunə

Azərbaycan-Türkiyə tərəfdaşlığının daha da genişlənməsi yeni perspektivlər vəd edir

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Azərbaycan və Türkiyənin iqtisadi sahədə olan əməkdaşlığı ikitərəfli münasibətlə məhdudlaşmır, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələr də həyata keçirilir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

"Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə mətbuata bəyanatında səsləndirib. Vurğulayıb ki, keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Nəqliyyat sahəsində də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Azərbaycan müstəqilliyinin bərpasından sonra ötən dövrdə Türkiyə başda olmaqla, öz iqtisadi layihələrində və resurs ixracında hər zaman mürəkkəb geosiyasi reallıqların təsir dairəsində olub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi neft-qaz boru kəməri layihələri, Bakı-Kuleva, Bakı-Tbilisi-Qars dəmiryolu xətləri Mərkəzi Asiya və Türkiyə arasında inteqrasiyada böyük rol oynayıb. Azərbaycanın enerji resurslarının geosiyasi əhəmiyyəti onun enerji təchizatını diversifikasiya etmək və ənənəvi enerji təchizatçılarından asılılığı azaltmaq potensialındadır. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. İki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilən birgə texnologiyanın transferini və istehsalın lokalizasiyasını nəzərdə tutan iri müəssisə və layihələrin reallaşması investisiya hədəflərinə çatılmasını və imkanların maksimal dəyərləndirilməsi istiqamətində qarşıda duran vəzifələrin icrasını sürətləndirəcək.

İqtisadi əlaqələrin digər önəmli sahəsi kimi, nəqliyyat-logistika qovşaqlarının şaxələnməsi ölkəmiz və qardaş respublikanın iqtisadi inkişafı ilə yanaşı, regionda sülhün və rifahın bərqərar olmasını təmin edir. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması nəqliyyat-kommunikasiya istiqamətində həyata keçirilən birgə layihələrin səmərəliliyinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmiryolunun çəkilməsi nəticəsində Azərbaycan və Türkiyə arasında idxal-ixrac, habelə tranzit əməliyyatları zamanı və daşınma xərcləri və müddəti azalacaq, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyası artacaq.

İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və reabilitasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrin, yolların, habelə hava limanlarının tikintisində türk şirkətləri fəal iştirak edir. Bununla yanaşı, bu ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir. İqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığımız daha da genişlənir. Bu baxımdan, ölkələrimiz arasında ticarət dövriyyəsi qısa zaman kəsiyində 7,5 milyard dollara yüksəlmiş və yaxın perspektivdə bu göstəricini 15 milyard dollara çatdırmaq planlaşdırılıb.

Bu məqsədlərə nail olmaq üçün tərəflər təkcə regionumuza deyil, daha geniş coğrafiyaya fayda verə biləcək yeni layihələr üzərində işləyirlər. Və bu, bütövlükdə dünyanın üzləşdiyi təhlükələr və risklər fonunda yeni çağırışlara ən yaxşı cavabdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında qeyd edib ki, kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Ötən ilin sentyabrında "Türk qapısı" Naxçıvana səfərim zamanı hörmətli İlham Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq.

Ölkənin coğrafi mövqeyi Avropa və Asiya arasında təbii körpü yaradır və onu həm mallar, həm də enerji resursları üçün mühüm tranzit mərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın əlaqələrini daha da artırır və regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Təsadüfi deyil ki, "Orta dəhliz", "Bir kəmər bir yol", "Tarixi İpək Yolunun Bərpası" və s. kimi layihələr ölkələrinin adı ilə birgə səsləndirilir. Dövlət başçımızın qeyd etdiyi kimi, "Türk Dövlətləri Birliyi bizim ailəmizdir, bizi başqa yerdə gözləmirlər" sözləri önəmli bir mesajdır. Bu, o deməkdir ki, böyük bir coğrafiyada yerləşən Türk dünyası bu gün ədalətsizliklərin hökm sürdüyü dünyada yeni bir iqtisadi, hərbi və siyasi gücdür. Ümumiyyətlə, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı Avrasiya regionuna sülh, əməkdaşlıq, inkişaf və təhlükəsizlik gətirir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması Türk Dövlətləri Birliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Türkiyə tərəfdaşlığı ən yüksək pillələrə çatmışdır. Şuşa Bəyannaməsi ilə təsbit olunmuş qardaşlıq əlaqələrinin səviyyəsini artırmaq, sülh və inkişafa zəmin yaratmaq üçün birgə çalışmalara davam edirik. Dünyada analoqu olmayan bu nümunəvi münasibətlər modelini təkcə ölkələrimiz arasındakı strateji, müttəfiqlik, qardaşlıq əlaqələri deyil, həm də iki liderin şəxsi dostluğu müəyyən edir. Bunlar Azərbaycan-Türkiyə birliyinin daha da dərinləşməsi və genişlənməsi üçün ən mühüm komponentlərdir.

Mustafa KAMAL,

"Respublika".