Uğurlu
Siyasət

Uğurlu "qambit gedişi"

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına görə başlayan etiraz dalğası ilə çalxalanır. Ermənilərin "Vətən naminə Tavuş" adlandırdıqları hərəkatın üzvləri artıq Azərbaycanla sərhəddə yerləşən Xeyrimli kəndindən İrəvana yürüşə başlayıb. Bu barədə erməni apostol kilsəsinin Tovuz yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan açıqlama verib. Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının artacağını bildirib. Yürüş iştirakçıları mayın 9-u günorta saatlarında İrəvanda olmalıdırlar. Paşinyan hakimiyyətinin qatı müxaliflərindən olan arxiyepiskop Baqrat Qalstanyanın başlatdığı və erməni mediasının aktiv şəkildə dəstək verdiyi, hər addımlarını xəbərə çevirdiyi yürüş iştirakçıları artıq Göyçəyə çatıblar.

Bu vəziyyət isə hökumət nümayəndələrini ciddi şəkildə narahat etməyə başlayıb. Hakim "Mülkü müqavilə" fraksiyasının deputatı Arsen Torosyan deyib ki, bəzi qüvvələr 2026-cı ildə şəffaf şəkildə keçiriləcək seçkilərdə qalib gəlməyəcəklərini bildikləri üçün hakimiyyəti seçkilərsiz ələ keçirmək istəyirlər. Erməni rəsmilər bu reallığı dərk etdiyindən yaranan qeyri-stabil vəziyyətlə mübarizə aparmaq üçün yeni üsul seçiblər. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib ki, Ermənistan və Azərbaycan arasında 1991-ci ildən mövcud olan inzibati sərhədlər bərpa olunacaq. Rubinyanın səsləndirdiyi fikirlər bir neçə aspektdən diqqət çəkir. İlk növbədə məlum olur ki, rəsmi İrəvan 19 aprel razılaşmasını öz uğuru kimi qələmə verir, baş verənlərin Bakının iradəsinə zidd olduğunu düşünür. Bu yanaşmanın da səbəbi var. Belə ki, Ermənistanın məqsədi sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsi idi. Tərəflər arasındakı son anlaşma da onlara bunun üçün rəsmi istinad nöqtəsi verdi. Çünki razılaşmada qeyd olunur ki, tərəflər delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlarına razılaşıb və bunu baza prinsipi olaraq götürüblər. Məhz bu məqamlara görə, Ermənistan 19 aprel razılaşmasından yeni sərhədin çəkilməsi məsələsini geri plana keçirəcəyini düşünür. Digər tərəfdən, ona ümid edir ki, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin əsas götürülməsi qoşunların geri çəkilməsini şərtləndirir. Bununla da Ermənistan ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdən imtina etməsini hədəfləyir. Bu gedişat həm də tarixdə əkin və otlaq adı altında ermənilərə bağışlanan torpaqlarımızla bağlı məsələni gündəmdən çıxarır.

Bu səbəblərdən də sərhədin Alma-Ata Bəyannaməsinə uyğun müəyyənləşdirilməsi ölkəmizin strateji maraqlarına ziddir. Amma 19 aprel razılaşmasını Azərbaycanın uğursuzluğu kimi qələmə vermək doğru yanaşma deyil. Çünki rəsmi Bakı bu məsələdə fərqli strategiya nümayiş etdirdi. Bunu "qambit gedişi" də adlandıra bilərik. Yəni ölkəmiz 4 kəndin qaytarılmasına nail olmaq üçün sözügedən sənədə istinad etməklə razılaşdı, amma sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi üçün istinad nöqtəsi yaratdı. Belə ki, tərəflər arasındakı son anlaşmada qeyd olunub ki, əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə başqa qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq bəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Bu o deməkdir ki, ölkəmiz sülh sazişində delimitasiya prinsiplərini dəyişdirmək haqqını əlində saxlayır.

Ermənistan parlamentində də reallığın dərk edildiyini düşünsək, Rubinyanın son açıqlamasının məlumatsızlıqdan irəli gəldiyini demək gülünc olar. Böyük ehtimalla vitse-spikerin açıqlamasının hədəf obyekti daxili auditoriya olub. Rubenin digər açıqlamalarına da nəzər salaq. O bildirib ki, erməni müxalifəti Azərbaycanı ölkəmizə qarşı hərbi güc tətbiq etməyə məcbur edir. Bu səbəbdən də radikallar vəziyyəti mürəkkəbləşdirməməli, ritorikanı yumşaltmalıdırlar. Ermənistanda Paşinyan idarəsindən narazı kütləyə ünvanlanan bu mesajlar elə Rubinyanın məramını aydınlaşdırmaqda kömək edir.

Ümumilikdə son proseslər onu göstərir ki, hazırda Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi də rəsmi Bakının diktəsi ilə müəyyənləşdirilən şərtlər fonunda davam etdirilir. Bu səbəbdən Rubinyanın açıqlaması nə hədəflədiyi kimi ölkəmizdə vəziyyəti gərginləşdirə, nə də erməni cəmiyyətində stabillik mühiti formalaşdıra bilər.

Jalə QASIMZADƏ,

"Respublika".