Xarici siyasətdəki uğurlarımız yeni perspektivlər yaradır
Siyasət

Xarici siyasətdəki uğurlarımız yeni perspektivlər yaradır

Azərbaycanda uzun illər ərzində həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət dövlətin istər qlobal, istərsə də regional miqyasda mövqelərini əsaslı şəkildə gücləndirmişdir. Hələ uzun illər öncə qlobal miqyasda baş verən geosiyasi tendensiyaları aydın görən, bölgədə maraqları olan yaxın və uzaq hegemon ölkələrin Cənubi Qafqazla bağlı məkrli planlarını dərindən anlayan Prezident İlham Əliyev dövlətimizin strateji istiqamətini müəyyənləşdirməklə müstəqil Azərbaycanı qətiyyətlə qorumağı bacardı. Bütün sahələrdə qazanılan uğurlar beynəlxalq münasibətlərdəki strategiyamızın müəyyənedici xüsusiyyətlərini ortaya çıxardı. Bu gün ölkəmizin xüsusilə xarici siyasətdəki uğurları onu deməyə əsas verir ki, Azərbaycan artıq regional deyil, qlobal miqyaslı aktora çevrilib.

Ölkə başçımızın rəhbərliyi ilə əldə olunan inkişaf dinamikası Azərbaycanı Cənubi Qafqazın liderinə çevirmişdir. Qeyd etmək lazımdır ki, müasir dövrümüzdə ölkəmiz bölgənin aparıcı dövləti olması, qlobal proseslərdə söz sahibi kimi çıxış etməsi və müstəqil siyasət kursu yürütməsi ilə tanınır. Dünya miqyasında nüfuzumuzun digər bir səbəbi isə qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməyimizdir.

Bu gün Azərbaycanın iştirakı olmadan geosiyasi, iqtisadi, nəqliyyat və logistika sahəsində müzakirələr mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrəsidir ki, Azərbaycan böyük inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib.

Onu da qeyd etmək lazımdır ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində səsləndirdiyi fikirlər ilə bir daha ölkəmizin xarici siyasətinin konturlarını bütün dünyaya göstərdi: "Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik". Hazırda regional güc mərkəzi, Cənubi Qafqazda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu siyasi xəttin uğurudur ki, ölkəmiz müasir dövrdə qlobal səviyyədə böyük etimad qazanıb.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Fevralın 16-18-də baş tutan konfransa Azərbaycanın dəvət edilməsi bir daha geosiyasi müstəvidə ölkəmizin çəkisini bütün dünyaya göstərir. Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts İlham Əliyevə təbrik məktubunda konfransdan bəhs edərkən, "Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - deyə bildirməsi Azərbaycanın qlobal miqyaslı dialoqlarda iştirakının beynəlxalq müstəvidə önəmini bir daha sübut edir. Təbii ki, Avropanın bu cür yanaşması təsadüfi deyil. Müasir dövrdə ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas prinsip olaraq müəyyən etmişdir. Beynəlxalq münasibətlər sisteminə təkminləşmiş dəyərlər təqdim edən Azərbaycana bu çərçivədə marağın daha da artması çoxvektorlu əməkdaşlığın inkişaf edəcəyindən xəbər verir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Məhz Münxendə konfrans öncəsi Prezident İlham Əliyev ilə qarşı tərəflərin müraciətinə əsasən görüşlərin keçirilməsi uğurlu inkişaf strategiyamızın bəhrəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətindəki mövqelərini sağlam təməllər üzərində inkişaf etdirmişdir. Təsadüfi deyil ki, 2011-ci ildə Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki il ərzində dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu əsaslarla üzərinə düşən vəzifələri uğurla yerinə yetirdi. Bu hadisə ölkəmizin və onun rəhbərinin dünya miqyasında nüfuzunun artmasının ən mühüm təsdiqi oldu. Prezident İlham Əliyevin sayəsində 2019-cu ildə isə Azərbaycan yekdilliklə dünyada ikinci ən böyük qlobal strukturun - Qoşulmama Hərəkatının sədri seçildi. Azərbaycanın Qoşulmama Hərəkatının dirçəlişindəki rolu yüksək qiymətləndirildiyinə görə təşkilat ölkəmizin sədrlik müddətini daha bir il uzatdı.

Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, milli təhlükəsizliyin təmini, iqtisadiyyatın qlobal çərçivədə inkişafı beynəlxalq arenada böyük uğurlar qazanmağımız üçün əsaslı zəmin yaratdı. Xüsusilə Azərbaycanın təşəbbüsləri əsasında reallaşdırılan nəhəng layihələr bu prosesi mümkün etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qitənin ən aparıcı layihələrindən birini - "Cənub Qaz Dəhlizi"ni reallaşdırmaqla faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızmağı bacardı. Bir sıra xarici mütəxəssislər bu layihənin icrasının qeyri-mümkün olacağını proqnozlaşdırsalar da, Azərbaycan bunun əksini sübut edərək qlobal bazarlarda öz mövqeyini xeyli möhkəmləndirdi.

Azərbaycan müasir dövrümüzdə qalib ölkə kimi tanınır, onun xalqı müzəffər xalqdır. 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, ölkəmizdə separatizmin kökünün kəsilməsi kimi hadisələr sözügedən nüfuz dairəsini daha da genişləndirmişdir. Ölkə başçımızın müdrik və qətiyyətli siyasəti nəticəsində xalqımızın kimliyi və qürurunu özünə qayıtmışdır. Bu gün Azərbaycan İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. Ölkəmizdə yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycanın artan nüfuzunu təmin edən əsas güc də məhz bu ideayada öz təsdiqini tapır.

Nurlan ABDALOV,

"Respublika".