“Startup School 2” layihəsinə dünyanın 9 ölkəsindən 121 layihə təqdim olunub
İqtisadiyyat

“Startup School 2” layihəsinə dünyanın 9 ölkəsindən 121 layihə təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinə müraciət edənlərlə bağlı müəyyən məlumatlar açıqlanıb. Bu müddət ərzində müsabiqədə iştirak üçün 121 layihə müraciət edib. Startap məktəbində təhsil almaq üçün Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən - Kanada, Finlandiya, Almaniya, Cənubi Afrika Respublikası, Polşa, Çexiya, Qazaxıstan və Türkiyədən layihələr qoşulub. Layihədə qeydiyyatdan keçənlərin 46,1faizini 20 yaşadək olan gənclər təşkil edib. Müraciətçilər arasında 50 yaşdan yuxarı 3 nəfər və 15 yaşdan aşağı 1 nəfər də var. Layihəyə qoşulmaq istəyənlər daha çox kənd təsərrüfatı, “yaşıl şəhər” və turizm sahələrinə maraq göstəriblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2 - AI for Green Solidarity” layihəsinə qeydiyyatın ilk günündən aktivliyin müşahidə olunduğunu deyib. Bildirib ki, ötən ildən fərqli olaraq bu il startapların mövzularının yalnız süni intellekt ilə bağlı olmasına baxmayaraq, müraciət sayı bir daha sübut edib ki, xüsusilə də süni intellekt sahəsində startap ekosistemində akademik və praktik biliklərə yiyələnmək gənclərin daha çox marağındadır.

Müraciət edənlərin müxtəlif ölkələrdən olması, eyni zamanda layihəyə gənclərin böyük maraq göstərmələri sevindirici haldır.