Yeni dövrün iqtisadi mənzərəsi
İqtisadiyyat

Yeni dövrün iqtisadi mənzərəsi

Zaman öz sözünü deyir, siyasi münasibətlər dəyişir, qarşıya yeni tələblər qoyulur, "yaşıl iqtisadiyyat"a keçid sürətlənir, əməkdaşlıq, işgüzar münasibətlər yeni mərhələyə keçir. Dünya tarixində bəlkə də belə bir hadisə olmayıb, torpaqlarını 30 il işğal altında saxlayan, bir çox ölkələrin havadarlıq etdikləri, mənafelərini qoruduqları, silahlandırdıqları, işğalla barışın deyərək təzyiq göstərən ATƏT-in münaqişəni dondurmaq cəhdlərini dəf edərək Ermənistanı cəmi 44 günə diz çökdürüb məğlub edən Azərbaycan inkişaf edən ölkələr arasında layiqli yer tutur. Vaxtilə ağır şərtlər altında qalan ölkə indi diktə edən tərəfə çevrilib və bu, heç də asan başa gəlməyib, dövlət başçısı İlham Əliyevin gərgin zəhməti, fədakarlığı hesabına siyasi tufanlara sinə gərilib, düşmən tərəfindən dağıdılan və xarabalığa çevrilən Qarabağın və Şərqi Zəngəzurun müharibədən cəmi 8 gün sonra bərpasına başlanılıb.

Bu, qocaman tarixin səhifələrində bir ilkdir, müharibələrdən qalib çıxan heç bir ölkədə bu baş verməyib. İşğaldan azad edilən ərazilərə dəfələrlə səfər edən dövlət başçısı icra edilən infrastruktur layihələrə nəzarət edir, tövsiyələrini verir, yaralı torpağımızı qarış-qarış gəzir, şəhərlərin və kəndlərin təməlini qoyur, yeni istehsal müəssisələrinin, yaşayış məskənlərinin açılışını edir. Böyük hərbi və diplomatik qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən Ağdamda tikinti-quruculuq işləri sürətlə, keyfiyyətlə və modern üslubda aparılır. Məlum olduğu kimi, düşmən Ağdam şəhərini və ətraf kəndləri viran edib, talayıb, xarabalığa çevirib. Buna görə də Ağdam sıfırdan tikilir, hər şey yenidən başlayır.

Qeyd edək ki, keçmiş sovet dönəmində Ağdam rayonu həm də sənaye mərkəzi kimi inkişaf edərək ittifaq miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi olub. Burada ət kombinatı, xalça fabriki, rayonlararası təchizat idarəsi, dəzgahqayırma, metiz-furnitur zavodu, rayonlararası traktor təmiri zavodu, taxıl məhsulları kombinatı, yük və nəqliyyat xidməti avtobazaları, 4 nəqliyyata texniki xidmət müəssisəsi fəaliyyət göstərib. Taxıl məhsulları kombinatı 80 min tonluq elevator, 245 tonluq dəyirman, 245 tonluq çörək zavodu, 640 tonluq yem zavodundan ibarət idi.

Ağdamda istehsal olunan məhsullar nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi. Burada, həmçinin yağ-pendir, konserv, şampan, şərab, barama, elektrik lampaları istehsalı zavodları da fəaliyyət göstərirdi. Rayonun iki tikinti materialları kombinatının, 11 şərab zavodunun yerli məhsulları ittifaq miqyasında tanınırdı. Ağdam Sənaye Parkının təməli də məhz işğaldan əvvəlki sənaye zonasında qoyulub. Sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına səbəb olacaq. Bundan başqa, həm də burada nəqliyyat dəhlizləri yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatdırılıb. Mütəxəssislərin fikrincə, həmin yolların Yevlax qovşağı ilə birləşməsi həm də Bakı-Tbilisi-Qars ixrac dəhlizinə qoşulma deməkdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri dörd mərhələ üzrə aparılır: şəhərlərin Baş planının hazırlanması, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması və Böyük Qayıdış. Müharibədən cəmi üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, niyyətini, iradəsini göstərir. Beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən yardım istəmədən Azərbaycan bütün quruculuq işlərini özü həyata keçirir. Prezident İlham Əliyevin imzaladığı "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərmanda bildirilir ki, işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri görülür. İşğaldan azad olunmuş Ağdamın əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Ağdam Sənaye Parkı dövlətimizin başçısı İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir. Sənaye parkının əsas prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili müəyyən edilib. Qeyd edək ki, sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik döşək və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir. Ağdamda quruculuq işləri Baş plana uyğun olaraq aparılır. Görülən bütün işlər Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir. Sənaye parkında özəl sektorun iştirakı aydın məsələdir ki, təkcə dövlət sifarişi olan layihələrdə deyil, həm də ixracyönümlü sənaye müəssisələrinin yaradılmasında nəzərdə tutulur. Məlumata görə, Ağdam Sənaye Parkında 21 sahibkara rezident, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. İnvestorlar tərəfindən sənaye parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parkında ondan çox rezident tikinti-quraşdırma işlərinə başlayıb. Bu ilin sonuna kimi 7-dən çox müəssisənin açılışı gözlənilir. Burada sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır və hökumət tərəfindən rezidentlər üçün güzəştlər tətbiq olunur. Prezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik xətlərlə təmin edilirlər. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq olunur. Qeyd edək ki, Ağdam Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Ağdamda sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına güclü təkan verəcək.

Ağdamda əhalinin məşğulluğu ilə bağlı heç bir problem olmayacaq. Buraya köçəcək ailələrin üzvlərinin hansı peşələrə, ixtisaslara sahib olmaları barədə məlumatlar toplanır. İnsanların böyük bir hissəsi inşaatda çalışacaq. Əhalinin məşğulluğunun təmin edilməsində Ağdam sənaye parkında yaradılan müəssisələrdə böyük rol oynayacaq. Həmçinin Ağdama köçəcək insanlar kənd təsərrüfatı sahəsində də çalışacaqlar. Ağdam Sənaye Parkının rezidenti "PROF-DAM" MMC tərəfindən dam örtükləri zavodunun inşasına 2023-cü ilin 2-ci rübündə başlanılıb. İndiyədək görülmüş işlərə 4 milyon manat investisiya yatırılıb və işlərin 85 faizi görülüb. Hazırda zavodda metal dam örtükləri istehsalı üçün nəzərdə tutulmuş İtaliya, Finlandiya, Rusiya, Türkiyə, Çin mənşəli avadanlıqlar quraşdırılır. MMC-nin direktoru Arif Ataşov bildirib ki, müəssisədə profnastil adlandırılan metal profilli təbəqələr, metal kirəmit tipli dam örtükləri və aksessuarlar, habelə gələcək dövrdə sendviç panellərin istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min ton metal dam örtüyüdür. Bu da təxmini hesabla il ərzində 5 milyon kvadratmetr dam örtüyü deməkdir. Müəssisənin yaxın vaxtlarda fəaliyyətə başlayacağı nəzərdə tutulur. Zavodda ilkin dövrdə 25 nəfərə yaxın, tam istehsalat gücündə isə 40 nəfərin işləməsi gözlənilir. Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullardan rayonda aparılan tikinti-quruculuq işlərində geniş istifadə olunacaq və yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək. Sənaye parkında tək istehsal müəssisələri deyil, həm də xidmət sahələri və soyuducu kameralar yaradılacaq. Fermerlərin istehsal etdikləri məhsulların saxlanılması və emalı təmin olunacaq. Yaxın gələcəkdə Ağdamda istehsal olunacaq məhsullar "Made in Aghdam" brendi ilə dünya bazarlarına ayaq açacaq. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam dünyada bənzəri olmayacaq bir şəhər kimi inşa edilir, burada şəhərsalmanın modern üsulları tətbiq edilir, müharibə və işğal ağrıları yaşamış bu qədim yurd yeri öz tarixinin yeni və şərəfli səhifəsinə qədəm qoyur. Ağdam çox müasir bir şəhər, mühüm nəqliyyat qovşağı, sənaye mərkəzi olacaq. Qarabağa və Şərqi Zəngəzura aparan yollar Ağdamdan keçir.

Salman ALIOĞLU,

"Respublika".