SPECA: Azərbaycan fəal əməkdaşlıq təşviq edir
İqtisadiyyat

SPECA: Azərbaycan fəal əməkdaşlıq təşviq edir

Zəngin təcrübəyə malik ölkəmiz mötəbər tədbirlər üçün ideal məkandır

Beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınan ölkəmiz, sözün əsl mənasında, siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi ünvanlardan birinə çevrilib. Artıq dünyanın siyasi xəritəsində beynəlxalq münasibətlər sisteminə humanitar mesajlar ötürən qalib Azərbaycan var. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir.

Bütün sahələrdə zəngin təcrübəyə malik olması Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsində əhəmiyyətli rol oynayır və irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə, dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqlarının qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev olduqca aktual mesajları dünyaya çatdırır.

Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) proqramı koordinasiya edir və həyata keçirilən tədbirlərə dəstək verir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmaların təşviqidir. SPECA-nın ildə bir dəfə Rəhbər Şurasının iclası, bir dəfə də İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində "Su, enerji və ətraf mühit", "Statistika", "Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik", "Elmə əsaslanan inkişaf", "Ticarət", "Gender və dayanıqlı inkişaf məqsədləri" işçi qrupları fəaliyyət göstərir. Qeyd edək ki, ölkəmiz bütün işçi qruplarında iştirak edir. Proqramın məqsədi BMT-nin sosial-iqtisadi məqsədlərinin Mərkəzi Asiya ölkələri üzrə daha effektiv reallaşmasına kömək etməkdir. Azərbaycan 2016-cı ildə SPECA-ya sədrlik edib.

Ötən il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü oldu. Azərbaycanın sədrlik etdiyi dövrdə ilk dəfə SPECA-ya üzv dövlətlərin Bakıda Zirvə görüşünün keçirilməsinə nail olunub. Bununla əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənib və noyabrın 24-də Azərbaycan paytaxtında reallaşıb. Prezident İlham Əliyevin dəvəti ilə üzv ölkələrlə yanaşı, Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaq qismində iştirak ediblər. BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməyə əsasən onun himayəsi altında qurumun Etimad Fondu təsis edilib. Bu da yeni əməkdaşlıq formatları üçün bir başlanğıcdır. SPECA-ya üzv dövlətlərdə siyasi sabitliyin hökm sürməsi, quruculuq proseslərinin uğurla getməsi iqtisadi əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olur. Bu, bir reallıqdır ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.

Bu baxımdan Azərbaycan Proqrama üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ciddi səy göstərir və birliyə, həmrəyliyə davamlı töhfələr verir. Tarixi Zəfərimiz Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsini şərtləndirdi. Məlumdur ki, dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır".

Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin yaxınlaşmasını göstərən daha bir amil qarşılıqlı səfərlərdir. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə ölkəmizdə dəfələrlə səfərdə olublar. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açır. Ötən il Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlığı barədə danışıb. Dövlətimizin başçısı ölkələrimiz arasında fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu bildirib.

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən yenidən qurulub. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağı gözlənilir.

Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verdiyi halda, həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf və quruculuq uğurla davam edir. Bu isə əlbəttə ki, ölkələrimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən amildir. Azərbaycan uzun illərdir ki, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli formatda, həm də müxtəlif təşkilatların tərkibində əlaqələrini uğurla inkişaf etdirir. 25 il bundan öncə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və təbii ki, SPECA-ya üzv dövlətlər də Azərbaycanın bu yöndə fəaliyyətini diqqət və maraqla izləyir, dəstək verirlər.

Şərqlə Qərb arasında mühüm qovşağa çevrilən nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacibdir. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsir göstərir. Avropa ilə Şərq arasında önəmli nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycanın SPECA kimi bir platformada iştirakı və onun imkanlarından istifadə etməsi ölkəmiz üçün olduqca faydalıdır. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. SPECA-nın fəaliyyətinin aktivləşməsi Orta Dəhlizin önəmli parçası olan Azərbaycanın da maraqlarına tam cavab verir.

Mustafa KAMAL,

"Respublika".