İqtisadi inkişaf və müdafiə qüdrətinin yüksəldilməsi kimyaçı alimlərimizin diqqət mərkəzində
İqtisadiyyat

İqtisadi inkişaf və müdafiə qüdrətinin yüksəldilməsi kimyaçı alimlərimizin diqqət mərkəzində

AŞQARLAR KİMYASI İNSTİTUTU TƏCRÜBƏ-SƏNAYE ZAVODU İLƏ BİRGƏ BU SAHƏDƏ BÖYÜK ELMİ-TEXNİKİ NAİLİYYƏTƏ İMZA ATIB

Beynəlxalq təcrübə göstərir ki, hər bir dövlətin, ölkənin inkişafını zəruri edən şərtlərdən birincisi daxili sabitlik və milli təhlükəsizliyin təmin olunmasıdır. Dünya düzəninin dəyişdiyi belə bir qarmaqarışıq dövrdə iqtisadi müstəqillik və milli təhlükəsizlik sistemini formalaşdırmağı bacaran ölkələr, o cümlədən Azərbaycan bu fikirləri sözdə deyil, əməli fəaliyyət ilə təsdiq edib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də birgünlük antiterror tədbirlərində böyük uğurlarımızın qazanılmasında məhz ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bərqərar etdiyi iqtisadi inkişaf və milli təhlükəsizlik siyasəti həlledici rol oynadı.

Hazırda min bir əziyyətlə qazanılan bu iqtisadi inkişafın və milli birliyimizin qorunub saxlanmasına çox böyük ehtiyac var. Dünyanın hər bir regionunda baş verən müharibələr Cənubi Qafqaz kimi qaynar bir bölgədə yerləşən Azərbaycanın müdafiə qüdrətinin artırılmasını ciddi cəhdlə tələb edir.

Sevindirici haldır ki, artıq ölkəmizin müdafiə qüdrətinin artırılmasına fundamental elmi əsaslarla yanaşan tədqiqat müəssisələri mövcuddur.

Bu günlərdə Nazirlər Kabinetinin rəsmi saytında 2024-cü il üzrə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim olunan işlər sırasında Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu tərəfindən təqdim olunan və müəllifləri tanınmış akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova, Əfsun Sucayev, dosentlər Vasif Abbasov və Səxavət Rüstəmov olan "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" adlı kompleks elmi-texniki işə rast gəlinməsi həm sevindirici, həm də qürurvericidir. Çünki əvvəla, iqtisadi inkişaf və milli təhlükəsizlik məsələsi Azərbaycan aliminin tədqiqat obyektinə çevrilir, eyni zamanda bu məsələdə mövcud imkanların məhdud olmasına baxmayaraq ölkənin gələcək inkişafında strateji məhsullardan asılılığın aradan qaldırılmasına konkret olaraq elmi yanaşma ortaya qoyulur.

Azərbaycan Dövlət Mükafatına təqdim olunan adıçəkilən işin müəlliflərinin elmi fəaliyyəti ilə yaxından tanış olmağım və işi təqdim edən institut və zavodla əlaqə yaratmağım mənə imkan verdi ki, bu iş haqqında ətraflı məlumat əldə edim.

Diqqət cəlb edən məqam odur ki, Aşqarlar Kimyası İnstitutu Müstəqil Dövlətlər Birliyi respublikalarında yeganə elmi mərkəz olmaqla, yarandığı vaxtdan indiyə qədər ən ümdə strateji məhsul kimi sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarların yaradılması və onların əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı yüksəkkeyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, xüsusi mayelərin işlənib hazırlanması və istehsalının təşkili üzrə elmi-tədqiqat işləri aparır. Motor, transmissiya və sənaye yağlarının, həmçinin xüsusi mayelərin istehsalını təmin edən bir sıra aşqarlar institutun alimləri tərəfindən hələ SSRİ dövründə yaradılmış və sənaye istehsalı ölkəmizlə yanaşı, Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Həmin yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən xüsusi təyinatlı zavodda istehsal olunan hərbi texnikanın dizel mühərriki üçün yaradılmış motor yağıdır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Aşqarlar Kimyası İnstitutu motor yağının yeni analoqunu yaradır, istehsalını Təcrübə-Sənaye Zavodunda təşkil edir və hətta 100 tonlarla məqsədli məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edir ki, həmin yağ respublikanın ağır günlərində - Birinci Qarabağ müharibəsində də istifadə olunub. Deməli, bu kompleks iş təsadüfən ortaya çıxmamış, illərin sınaqlarından uğurla keçərək təkmilləşərək artıq fundamental səviyyəyə yüksəlmişdir.

Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış digər xüsusi təyinatlı motor yağı Müdafiə Nazirliyinin sərəncamında olan xüsusi texnikada istifadə edilən turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriki üçün motor yağıdır. Bu motor yağı da Azərbaycan Respublikası Müdafiə Nazirliyində praktiki sınaqdan uğurla keçmiş və sınaq komissiyası bu yağın istifadəsini məqsədəuyğun hesab etmişdir.

Bu fundamental elmi-tətbiqi işin yeniliyi və mühüm əhəmiyyəti xüsusi təyinatlı motor yağlarının 3-ü "Məxfi" qriflə verilmiş Azərbaycan patentləri ilə müdafiə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əmtəə Nişanları və Patent üzrə Ekspertiza Mərkəzində baxılmaq mərhələsində olan əlavə bir ixtiradır.

Onu da qeyd etmək lazımdır ki, bu elmi-texniki kompleks iş hansısa yağın laboratoriya şəraitində alınmış, ən yaxşı halda məqalə şəklində dərc edilmiş, yaxud dissertasiya şəklində müdafiə olunmuş tədqiqat nəticələrini əks etdirən bir iş deyil. Burada söhbət ölkəmizin bundan sonrakı iqtisadi inkişafına, ələlxüsus müdafiə qüdrətinin artırılmasına böyük töhfə vermək gücündə olan tamamlanmış fundamental elmi-texniki işdən gedir. Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir sıra mərhələlərdən ibarətdir: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi və nəhayət bütün sınaqlar müsbət nəticə ilə bitərsə real mühərrikdə sınaqlar aparılması. Bütün bu sadalanan mərhələləri uğurla keçib artıq istehsalının da təşkil olunması və yaxın vaxtlarda Pakistan, Banqladeş, Tayland və Mərakeş kimi ölkələrə ixrac edilməsi tam əsaslandırılmış elmi-texniki kompleks iş olacaq.

Bir mühüm məsələni də vurğulamaq istəyirəm. Dövlət mükafatına təqdim olunan bu işin uğurla yerinə yetirilməsinin əsas səbəblərindən biri elmi rəhbərin Azərbaycanda aşqarlar kimyası elmi istiqamətin bünövrəsini qoyan akademik Əli Quliyev məktəbinin davamçısı, SSRİ Elmlər Akademiyasının məsləhətçisi kimi İraq Neft İnstitutunda və UNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda aşqarlar və sürtkü materialları elmi istiqamətini təşkil edən, bu istiqaməti Gürcüstanın elmi mərkəzlərində inkişaf etdirən və ona görə də Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilən, qeyd olunan elmi istiqamətdə fəaliyyət göstərən dünyanın aparıcı şirkətləri və elmi mərkəzləri ilə əməkdaşlıq edən, dünya miqyasında tanınmış alim, akademik Vaqif Fərzəliyevin olmasıdır.

Beləliklə, bu kompleks elmi-texniki iş Müdafiə Nazirliyinin sərəncamında olan bütün markalı tankların dizel mühərriklərində istifadə edilən sürtkü yağlarına olan tələbatın ödənilməsini, ölkəmizin strateji material olan xüsusi təyinatlı sürtkü yağları sahəsində xarici ölkələrdən asılılığın azaldılmasını və yaradılmış yağların bir çox xarici ölkələrə ixracını nəzərdə tutur.

Yuxarıda qeyd olunanlara əsasən hesab etmək olar ki, AR ETN Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC tərəfindən təqdim olunmuş "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" adlı kompleks elmi-texniki iş texnika üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiqdir. Çünki Dövlət Mükafatının Əsasnaməsində açıq mətnlə qeyd edilir ki, bu ali mükafat texnika sahəsi üzrə inkişafa mühüm töhfələr verə bilən fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə, ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə, nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. Bu nöqteyi-nəzərdən haqqında danışdığımız elmi-texniki kompleks iş mövcud Əsasnamənin bütün meyarlarına tam cavab verir.

Bəxtiyar MƏMMƏDOV,

Elm və Təhsil Nazirliyi

Polimer Materialları İnstitutunun baş direktoru,

AMEA-nın müxbir üzvü.