Güclü iqtisadi potensial, rəqabətəqabiliyyətli sənaye istehsalı
İqtisadiyyat

Güclü iqtisadi potensial, rəqabətəqabiliyyətli sənaye istehsalı

Otuz ildən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Ordumuzun əldə etdiyi Zəfərlə tarixi ədalət bərpa olundu, torpaqlarımız Ermənistanın işğalından azad edildi. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başlanıldı.

Rəşadətli Azərbaycan Ordusunun bölmələri 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərini işğaçılardan azad edərək tarixi Qələbəmizin əzəmətini bütün dünyaya nümayiş etdirdilər. Əlbəttə, bu qələbənin çox böyük əhəmiyyəti onda oldu ki, düşmən məhz Cəbrayılda bir neçə keçilməz xətdən ibarət istehkamlar qurmuşdu və bu çətin maneələri yarıb keçmək çox böyük şücaət tələb edirdi. Qəhrəman oğullarımız bu istiqamətdə Ermənistan ordusunu darmadağın edərək qanı və canı bahasına torpaqları azad etdi. Bu gücün və peşəkarlığın qarşısında düşmən tab gətirə bilmədi, güvəndikləri istehkamlar başlarına uçuruldu, çoxlu sayda canlı qüvvəsini itirən işğalçılar bu torpaqlardan əbədi qovuldular. Bununla da 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan azad edildi və əlbəttə, bu qələbə hərb tariximizdə əbədi qalacaqdır. Yeri gəlmişkən, şanlı ordumuzun 2016-cı ildə ilk qələbəsi də məhz Cəbrayılda baş verib. Həmin vaxt rayonun Cocuq Mərcanlı kəndi erməni əsarətindən azad edilib, bir neçə strateji yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Tarixi Qələbədən qısa müddət keçəndən sonra işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Cəbrayılda tikinti-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Eyni zamanda həmin ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə iş yerlərinin yaradılması üçün strateji fəaliyyət proqramı hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları ilə Ağdamda və Cəbrayılda sənaye parklarının yaradılması sözsüz ki, hər iki bölgənin gələcək inkişafını təmin edəcək. Həm də Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafına yönəldilən investisiyalar işğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşdırılması və dirçəldilməsi respublikada iqtisadi artıma və sosial-iqtisadi inkişafa ciddi təkan verəcək. Mütəxəssislərin qənaətinə görə, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafı üçün potensial imkanlar mövcuddur. Bunu nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə iki sənaye parkının yaradılmasına yerli və əcnəbi investorlar cəlb edilir. Sənaye parklarının yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 4-də imzaladığı Fərmanla yaradılan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılır və investisya həcmi 19,2 milyon ABŞ dolları təşkil edir. Sənaye parkında 421 iş yerinin yaradılması nəzərdə tutulur. Araz vadisində yaradılan sənaye parkı həm də logistik baxımdan çox əlverişli ərazidə yerləşir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır. Sənaye Parkı ətraf rayonlar üçün də əlverişli və əlçatan ərazidə yerləşir. Qeyd edək ki, Araz Vadisi İqtisadi Zonası Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq. İlkin mərhələdə sənaye parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri və metal konstruksiya istehsalı müəssisələri fəaliyyət göstərəcək. Bundan başqa, parkın ərazisində kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin və digər xidmət sahələrinin yaradılması da nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Mütəxəssislərin qənaətinə görə, Araz Vadisi İqtisadi Zonası Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyə və Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə çıxmağa imkan yaradacaq. Məhz buna görə də bu zonaya investorların iqtisadi marağı daha böyükdür. Qeyd edək ki, Cəbrayıl rayonu ərazisindəki Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı ölkəmizdə sayca yeddinci park olacaq. Mübaliğəsiz demək olar ki, sənaye parklarına göstərilən dövlət dəstəyi nəticəsində sahənin inkişaf üfüqləri daha aydın görünür. Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılır. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və on il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında gələn ildən dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlanılacaq. Bu barədə sənaye parkının rezidentlərindən biri olan "Prestij-Kimya" MMC-nin təsisçisi və direktoru Rüfət Pirişov məlumat verib. Onun sözlərinə görə, Araz Vadisi İqtisadi Zonasında yeni zavod tikilir. Bu ilin sonuna kimi zavodun tikintisinin yekunlaşması, gələn ildən isə onun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur. İndiyədək bu zavodun tikintisinə 1,6 milyon manat sərmayə yatırılıb. Qeyd edək ki, "Prestij-Kimya" MMC-nin kollektivi Sumqayıtdakı zavodda da dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulları istehsal edir. Sumqayıtdakı zavodun gündəlik istehsal gücü 30-31 tondur. Araz Vadisi İqtisadi Zonasının gündəlik istehsal gücü 110-120 tona qaldırılacaq. Şirkət direktoru bildirib ki, hazırda məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edilir. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişləri 100 faiz təmin edə bilək.

Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. Buna görə də Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında işlər mərhələli şəkildə həyata keçirilir. "KamAZ" ASC ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin birgə servis mərkəzi olan "Avto Lizinq Azərbaycan" MMC "Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi" layihəsi üzrə Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.  Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında yaradılan regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektardır, ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu ilə yanaşı, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstəriləcək. Burada 36 yeni iş yeri açılacaq. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı xüsusi əhəmiyyət daşıyır.

Salman ALIOĞLU,

"Respublika".