Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri geniş vüsət alıb
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri geniş vüsət alıb

Ərazi bütövlüyü və suverenliyini bərpa edərək böyük qələbəyə imza atan Azərbaycan bu gün işğaldan azad olunmuş bölgələrdə yurd-yuvasından məcburi köçkün düşmüş əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması məqsədilə irimiqyaslı layihələr reallaşdırır. Qarabağ və Şərqi Zəngəzurda tunellərin çəkilməsi, beynəlxalq əhəmiyyətli dəhlizlərin salınması, hava limanlarının inşası, ümumiyyətlə meqalayihələrin gerçəkləşdirilməsi üçün dövlət tərəfindən böyük həcmdə maliyyə vəsaiti ayrılır. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Şuşa, Laçın və bütövlükdə işğaldan azad olunmuş ərazilərdə yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlər, ictimai binalar tikilir, yollar çəkilir, yeni, müasir infrastruktur yaradılır. Bu yerlərdə rahat həyat şəraiti və müasir xidmətlərə əlçatanlılığı, yurd yerlərinə geri dönən soydaşlarımızın layiqli, təhlükəsiz yaşayışını, onların məşğulluğunun təmin edilməsini, rifah halının yaxşılaşdırılmasını, strateji əhəmiyyətli infrastrukturun qurulmasını, ətraf mühitin bərpasını, regional iqtisadi inkişaf üçün nəqliyyat imkanlarının gücləndirilməsini daxili siyasətin prioritet istiqaməti kimi müəyyən edən ölkə başçımız şəhərlərin baş planlarının, kəndlərin inkişaf konsepsiyasının hazırlanmasını xüsusi olaraq nəzarətdə saxlayır, bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür.

İşğaldan azad olunmuş bütün ərazilərin bərpasını əhatə edən Böyük Qayıdış Proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, sıfırdan yeni kəndlər, şəhərlər salınır, müasir ticarət və logistika mərkəzləri, iqtisadi zonalar yaradılır. Son texnologiyalardan istifadə edilməklə yaradılan "ağıllı şəhər" və "ağıllı kənd"lərdə ən müasir şəhərsalma nümunələri tətbiq edilir. 30 il ərzində 20 faizdən çox torpaqlarının, təbii sərvətlərinin talan edilməsinə, dünya hərb tarixinə düşmüş müharibə aparmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərin dünyanın ən gözəl yerlərindən birinə çevrilməsində qətiyyət, prinsipiallıq nümayiş etdirilir. Dövlətimizin yaxın gələcək üçün hədəflərində 2026-cı ilin sonuna qədər 100 mindən çox keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıtması nəzərdə tutulub. Müharibədən keçən qısa zaman kəsiyində Ağalı, Talış, Zabux kəndlərində yaşayışın bərpa edilməsi, Laçın, Füzuli şəhərlərində məskunlaşma, quruculuq işlərinin vüsət alması, 10-a yaxın şəhər və 90-dan çox kəndin Baş planının təsdiqlənməsi, 30 kəndin isə təməlinin qoyulması, Zabux və Sus kəndlərində tikinti prosesinin intensiv şəkildə davam etdirilməsi heç bir dövlətdən siyasi-iqtisadi asılılığı olmayan müstəqil Azərbaycanın gücünün, qüdrətinin bariz göstəricisidir.

Böyük Qayıdış proqramının icrasını bir nömrəli vəzifə kimi qarşıya qoyan dövlət başçımız ötən il sentyabr ayının 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. 2024-cü il üçün isə planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Bütün bunları öz vəsaiti hesabına, heç bir ölkədən maliyə dəstəyi almadan həyata keçirən Azərbaycan hələ müharibənin bitdiyi ilk günlərdə azad olunmuş ərazilərdə şəhər və kəndlərimizin bərpa-yenidənqurma prosesinə yerli mütəxəssislərlə yanaşı, dost ölkələrin iş adamlarının da cəlb olunacağını bəyan etmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası işində ən başlıca yeri qardaş Türkiyə şirkətləri tutur. Quruculuq işlərinə ilk olaraq çətin gündə, yaxşı gündə hər zaman Azərbaycanın yanında olan qardaş ölkə qoşulmuş və bu istiqamətdə birinci kontrakt Türkiyə şirkəti ilə bağlanmışdır. İtaliya şirkətləri də irimiqyaslı layihələrdə podratçı olaraq yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Qarabağın dünyanın ən inkişaf etmiş regionlarından birinə çevrilməsi işində İtaliyanın köməyini yüksək qiymətləndirərək demişdir: "Əslində, İtaliya hazırda fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər. Məsələn, mədəni irsin bərpası üzrə Ağdamda dağıdılmış Qarabağ Xanının sarayının, işğaldan azad edilmiş müxtəlif şəhərlərdə məscidlərin bərpası ilə məşğuldurlar". Qeyd edək ki, bu ərazilərdə xalqımızın dini inanc yeri olan məscidlərimizin əsaslı təmiri, bərpası və tikintisi işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərini buna nümunə göstərmək olar. Şuşa, Zəngilan şəhərlərində, Hadrutda və Daşaltıda yeni məscidlər tikilir.

Azərbaycanın daxili vəsaiti hesabına icra edilən layihələrdə Rusiya, Pakistan, Macarıstan, Qazaxıstan və onlarla ölkəni təmsil edən müxtəlif şirkətlər ticarət, sənaye, kənd təsərrüfatı, tikinti, turizm, təhsil, nəqliyyat, logistika və digər sahələr üzrə ərazilərin bərpa-yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak edir. Bünövrəsi qoyulan yaşayış evləri, sənaye parkları və müəssisələr, mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil, səhiyyə müsəssisələri məcburi köçkünlərin elliklə öz doğma yurd yerlərinə əbədi qayıdacaqları günü daha da yaxınlaşdırır.

Mehparə ƏLİYEVA,

"Respublika".