Şirvanın
Bölgələr

Şirvanın "Yaşıl hasarları"

İnsan və təbiət

Bir neçə il bundan əvvəl İTV-nin "Ovqat" verilişinə aldığım dəvətdə aparıcı Şirvan şəhəri haqqında fikrimi öyrənmək istəyəndə, bu yurd yerinin "yaşıl hasarlarla" əhatə olunduğunu dedim. Bu o vaxt idi ki, rayonlarda "hasar bumu" yaşanırdı. Küçə və dalanlar, yol kənarları heç bir xüsusi məqsəd-məram olmadan hündür hasarlara alınırdı. Hasar az qala bir bölgənin, kəndin nümunə göstəricisinə çevrilmişdi. Həmin günlərdə Şirvan şəhəri bəlkə də respublikada yeganə yaşayış məkanı idi ki, hasardan imtina elədi. Yol kənarlarında, küçələrin ətrafında yaşıllıqlar salındı. Bunlar hər hansı daş hasardan həm yaraşıqlı, həm də baxımlı idi. 

Paytaxt Bakıdan o qədər də uzaq olmayan Şirvan şəhəri ölkəmizin yayı isti və quraq keçən yaşayış məskənlərindən biridir. Elə bu səmtdən, yəni Bakı tərəfdən Şirvana daxil olan hər kəs uzunluğu 7 kilometrdən çox olan Heydər Əliyev prospektinin sağ və sol tərəflərində sıralanmış yaşıl "hasarla" - Eldar şamı, zeytun, giparez kimi ağaclarla rastlaşacaq. Min bir əziyyətlə araya-ərsəyə gətirilən bu ağaclara xüsusi qulluq da ilk baxışdan hiss edilir. 307 hektar yaşıllıq zolağı - ağacları, ot örtüyü, təbii və dekorativ gül kolları olan bu şəhərdə 40 min kvadratmetr qazon ot örtüyü də var. Bu yaşıllıqları suvarmaq üçün nasosxanalar daimi fəaliyyət göstərir ki, yaşıllıqlar məhv olmasın. Şəhərin yaşıllığını qorumaq üçün əksər ərazilərə su xətti çəkilib. Nasosxanalar mərkəzdən uzaqda və nisbətən hündür ərazilərin suvarılması üçün nəzərdə tutulur. Bayraq Meydanı, Şəhidlər Xiyabanı nasoslar vasitəsilə suvarılır. Su isə Şirvan şəhərini iki yerə bölən Kür çayından götürülür. Hər cür şəraiti - ağac və gül kolları, oturacaqları, karuselləri, söhbətgahları, mərasim evləri olan yeni salınmış və salınmaqda davam edən nümunəvi məhəllələr də son illərin məhsuludur. Sakinlərin özlərinin də dedikləri kimi, Şirvan şəhərinin ümumi mənzərəsinin daha da gözəlləşməsində yeni məhəllələrin xüsusi yeri var. Daha sakit guşələrdə yerləşən belə yerlərdə dincəlmək, istirahət etmək hər bir şəhər sakininin mənəvi tələbatıdır.

Kifayət qədər ərazisi olan Şirvan şəhərinin yaşıllığına cavabdeh Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdindəki Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin işlərinin çox olması təbiidir. Çünki illərlə qorunub ərsəyə gəlmiş ağacları, yaşıl örtükləri, təbii və dekorativ gül kollarını, qazonları qorumaq elə də asan deyil. 80 nəfərə yaxın fəhləsi olan idarə işə daha erkən başlayır.

Hər il ölkənin yaşıllaşdırılması marafonuna qoşulan şəhərdə yüzlərlə-minlərlə müxtəlif növ ağac əkilir. Burada insanların istirahəti, körpələrin əylənmələri üçün hər cür şəraiti olan park və bağlar çoxdur. Heydər Əliyevin, Nəriman Nərimanovun, Səməd Vurğunun adını daşıyan parklar bunlara misaldır.

Azərbaycanın qəhrəman və şəhid övladı İsmət Qayıbovun adını daşıyan park da bunlardan biridir.

Şirvanın "Köhnə şəhər" adlanan yaşayış massivində yerləşən bu park şəhərdə birincilərdən olmaqla, kövrək xatirələrə söykənir. Çünki Şirvanın - keçmiş Əli Bayramlı şəhərinin bünövrəsi hesab edilən köhnə şəhər indi olduğu kimi belə sakit, gəliş-gedişsiz deyildi. Bütün inzibati və xidmət idarələrinin - şəhər partiya komitəsinin, icraiyyə komitəsinin, polisin, prokurorluğun, ticarət və iaşə müəssisələrinin yerləşdiyi bu ərazidə insanlar daha çox yaşayırdılar. Xeyli hündür qarağac, göyrüş, şam, qovaq, tut, çinar ağaclarının, təbii gül kollarının yaratdığı mənzərə bura xüsusi bir gözəllik verir. Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstünün qoyulduğu parkda Kür çayını keçməklə Bayramlı qəsəbəsinə tələsən insanları aparan köhnə qayıq dayanır. Gecələri daha gözəl olan bu parkda körpələrin əylənmələri üçün şərait də var. İndi sakinlərinin böyük əksəriyyəti Təzə şəhər massivində yaşayan Şirvan şəhərinin ən çox sevilən məkanıdır bu park. Ona görə də burada indi də müxtəlif tədbirlər, görüşlər keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsi qeyd etdiyimiz kimi, bu işə cavabdeh müəssisədir. Bağbanlar deyirlər ki, bağlarda, parklarda, təbiətin qoynunda oturub istirahət edilən vaxt bizim "qaçdı-qovdu" vaxtımızdır. Başqa cür mümkün deyil. Bu istidə ağaclar birtəhər dözər, ancaq yaşıl örtüklər, qazonlar bircə gün su görməsə, yanıb kül olarlar. Su xətlərimiz, nasosxanalarımız, su maşınları yaya tam hazır olmalıdır ki, istinin tüğyan etdiyi vaxtlarda yaşıllığı kül olmaqdan qoruyaq. Su xətləri olmayan ərazilərdəki ağacları, gül kollarını maşınla suvarırıq. Qurumuş ağacları, otları sahələrdən təmizləmək lazımdır ki, yanğına şərait yaradılmasın. Elə ərazilər var ki, gündə 2 dəfə suvarırıq, çünki torpaq qumsal olduğu üçün suyu saxlamadığından nəmlik yaranmır. Hər parkın, hər bağın özünün briqadası, xidməti işçiləri var.

Tofiq HÜSEYN,

"Respublika".