Quba: Kənd yolları yenidən qurulur
Region

Quba: Kənd yolları yenidən qurulur

"Mədəniyyət yoldan başlayır" sözünü təsadüfən deməyiblər. Abad yol - rahatlıq, texnikanın, avtomobillərin sazlığına təminat, insanların gediş-gəlişinə, turist axınına müsbət təsir edən amil, ticarət əlaqələrinin genişlənməsinə səbəb olan əsas vasitədir. Amma təəssüf ki, inkişaf etmiş rayon sayılmasına rəğmən, Qubanın bəzi kəndlərində son vaxtlaradək bu məsələ diqqətdən yayınmışdı.

Qubanın Tüləkəran inzibati ərazi dairəsinə daxil olan, 6 minə yaxın əhalinin yaşadığı Gültəpə, Möhüc, Tülər, Yenikənd, Yuxarı Tüləkəran, Aşağı Tüləkəran kəndlərinin sakinləri uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirdilər. Bu kəndlərə sovetlər dönəmində çəkilmiş yollar tamamilə dağılaraq yararsız vəziyyətə düşmüşdür.

Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev həmin kəndlərin sakinləri ilə keçirdiyi səyyar qəbulda vətəndaşlar tərəfindən yolların təmiri ilə bağlı məsələ qaldırılmışdır. Sakinlərin müraciətinə RİH başçısı tərəfindən dərhal müsbət reaksiya verilmiş, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşdür. Bu günlərdə artıq Gültəpə kəndinin ərazisindən yolun tikintisinə başlanılmışdır.

RİH başçısı yenidən həmin əraziyə gələrək tikintinin gedişi ilə maraqlanmış, aidiyyəti üzrə tapşırıqlar vermişdir. Kənd sakinləri ilə söhbət edən başçı 20 kilometrədək olan yola asfalt veriləcəyini bildirmişdir. Qeyd edək ki, sakinləri narahat edən daha bir məsələ ərazidə elektrik verilişi ilə bağlı olmuşdur. Bu problem də öz həllini tapmış, həmin kəndlərə gedən elektrik xətləri yenilənmiş, internet xətləri də çəkilmişdir.

RİH başçısı həmin ərazidə olarkən Yuxarı Tüləkəran kəndində şəhid Müşfiq Nəsirovun ailəsinə baş çəkmiş, qayğı və problemləri ilə maraqlanmışdır. İcra başçısı həmin gün şəhidin adına tikilmiş xatirə bulağını da ziyarət etmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".