Şərəfli xidmət salnaməsi
Siyasət

Şərəfli xidmət salnaməsi

Müstəqil Azərbaycan dövləti bu gün qazanılan nailiyyətlərin miqyasını davamlı şəkildə genişləndirir, yeni-yeni uğurlara imza atır, xalqımızın sosial rifah halı yaxşılaşır. Təbii ki, bütün bu uğurların - iqtisadi yüksəlişin davamlı olması üçün ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Mövcud dünya təcrübəsi də onu göstərir ki, sabitliyə əsaslanmayan inkişafın yaşanması nəzəri olaraq mümkün deyil.

1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət də növbəti dəfə təsdiq etdi ki, tərəqqinin kökündə dayanan əsas amillərdən biri sabit və təhlükəsiz həyat şəraitinin bərqərar olmasıdır. Həmin dövrdə isə Azərbaycanda hakimiyyətdə müxtəlif qüvvələrin tez-tez əvəzlənməsi, səriştəsiz idarəçiliyin tətbiqi, xalqın mənafeyinin şəxsi maraqlara qurban verilməsi, ölkəmizin zorla cəlb olunduğu müharibə və bu qəbildən olan digər hallar ölkəmizi xaotik bir duruma salmışdı. Digər tərəfdən xarici təhlükələrin miqyası böyümüş, daxili sabitlik ciddi şəkildə pozulmuşdu. Yalnız xalqın istək və təkidli tələbinə uyğun olaraq ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxmışdır. Həmin dövrdə müstəqil milli dövlətçiliyimizə təhlükə yaradan qüvvələri müvəffəqiyyətlə zərərsizləşdirən ümummilli lider ölkəmizə qarşı yönəlmiş xarici hədələrin neytrallaşdırılmasına, möhkəm özüllər üzərində qurulan sabitliyin yaranmasına nail olmuşdur.

Azərbaycanda hərbi qüvvələrin, o cümlədən Daxili Qoşunların yaranması ölkəmiz üçün mürəkkəb, faciəli bir dövrə təsadüf edir. 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmiş, ozamankı DQMV-ni ilhaq etmək uğrunda ümummilli hərəkata başlamış, niyyətinə çatmaq üçün genişmiqyaslı mitinqlərə, nümayişlərə rəvac vermiş, silaha əl atmışdı.

Yaranmasının artıq 32 ili tamam olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları sabitliyin qorunması kimi qarşısına qoyulmuş mühüm vəzifənin yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşmağa və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışmışdır. Böyük bir şərəf yolu keçən, yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Daxili Qoşunlar ümummilli liderin söz və əməl vəhdəti, xüsusi diqqət və qayğısı nəticəsində formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığına malik peşəkar bir quruma çevrilmişdir.

Tarixə nəzər salsaq görərik ki, Daxili Qoşunların 32 illik salnaməsinin hər səhifəsində ulu öndər Heydər Əliyevin diqqəti, qayğısı hiss olunur. Daxili Qoşunlar müstəqil Azərbaycanın həmyaşıdı kimi yaranma, formalaşma, inkişaf dövrünü məhz böyük öndərlə birgə onun tövsiyələrinə, göstərişlərinə istinad edərək keçmişdir. Onu da xatırlatmaq yerinə düşər ki, məhz Ümummilli Liderin müvafiq fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan olunub.

Həmin tarixin Daxili Qoşunlar Günü elan olunması təsadüfi deyil. Hələ 1991-ci ilin dekabrında keçmiş SSRİ DİN Daxili Qoşunlarının Bakı qarnizonundakı 5-ci diviziyasının bazasında yaradılan Azərbaycan Daxili Qoşunlarının ilk hərbi hissələri bir neçə ay sonra - 1992-ci il martın 12-də Ağdam rayonunun Papravənd və Qalayçılar kəndlərində ilk döyüşlərə atılmışdır. Daxili Qoşunların şəxsi heyəti Ağdam, Ağdərə və Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında fəal iştirak etmiş, düşmənin böyük sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir.

Keçmiş Dağlıq Qarabağ münaqişəsində əldə edilmiş atəşkəsdən sonra Daxili Qoşunlarda quruculuq mərhələsi başlanmışdır. Qoşunların formalaşmasında və operativ qüvvələr kimi fəaliyyət göstərməsində Ümummilli Liderimizin tarixi xidmətləri olub. 2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyə başlaması ilə ölkəmizin müdafiə qüvvələrinin daha da möhkəmlənməsində, eləcə də Daxili Qoşunların fəaliyyətində yeni mərhələ başlayıb. Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir.

2020-ci ilin payızında 44 günlük müharibədə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi də məhz ordumuza, eləcə də Daxili Qoşunlara göstərilən böyük qayğı və diqqət sayəsində mümkün olub. İşğalçılara qarşı döyüşlərdə Azərbaycan ordusunun əsgərləri ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də böyük qəhrəmanlıq göstərib. İkinci Qarabağ müharibəsində böyük Qələbənin əldə olunmasında Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Dörd əməkdaş Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsi, ictimai təhlükəsizliyin təmin olunması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri uğurla yerinə yetirir. Daxili qoşunların şəxsi heyəti cənab Ali Baş Komandanın dövlət və dövlətçiliyimiz naminə bütün əmr və göstərişlərini bundan sonra da layiqincə yerinə yetirməyə qadir və həmişə hazırdır.

Aiza ŞABANOVA,

"Respublika".