2023-cü ildə ölkəmiz bir çox mötəbər tədbirlərə evsahibliyi edib
Siyasət

2023-cü ildə ölkəmiz bir çox mötəbər tədbirlərə evsahibliyi edib

Azərbaycan mövzusundan asılı olmayaraq, regional və beynəlxalq əhəmiyyətli tədbirlərin, qlobal xarakterli müzakirələrin, dünyanı narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də bəşəriyyətin taleyi ilə bağlı vacib qərarların verildiyi mərkəzə çevrilib. Bu, ölkəmizdə bərqərar olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi, irəli sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti, etibarlı tərəfdaş statusu qazanması, habelə dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, dünyanın gələcəyi ilə bağlı dəyərli fikirləri, sülh və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə Azərbaycan məharətlə, nümunəvi şəkildə evsahibliyi edir və bu, dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur.

Ölkəmiz beynəlxalq sammitlərə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara, böyük idman yarışlarına ən ali səviyyədə evsahibliyi etməyi bacarıb. Bu sahədə geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında müəyyənləşdirilmir. Təşkilatçılar tədbirin yeri barədə müzakirə və təhlillər aparır, həmin ölkənin potensialı və təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq miqyasda qazanılan nüfuz ölkəmizdə mötəbər tədbirlərin keçirilməsinə imkan verir. Azərbaycan regional və beynəlxalq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi iştirak edir. 4-cü ildir ki, BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan, eyni zamanda Avropa institutları ilə də sıx əməkdaşlıq edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayan ölkəmiz bununla xarici siyasət gündəliyini nümayiş etdirmiş olur.

Bu yaxınlarda Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi edib. Belə ki, paytaxt Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi keçirilib. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın region ölkələri ilə münasibətlərinin intensivləşməsinə dövlət başçısının regiona səfərləri də təsirsiz qalmır. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş, dost ölkələrlə əməkdaşlığa açıq olması da burada mühüm rola malikdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu vurğulayan Prezident İlham Əliyev bu barədə deyib: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır".

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilib. Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı və Türkiyə Kosmik Agentliyinin (TUA) sponsorluğu ilə keçirilən konqresin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə reallaşıb. Tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobal əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Mərasimdə Azərbaycanın iki mühüm beynəlxalq təsisatın - İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlət başçısı vurğulayıb: "Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkələri birləşdirir".

Xatırladaq ki, bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə - 1973-cü ildə evsahibliyi edib. 50 ildən sonra Azərbaycanda yenidən Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin təşkili Azərbaycanın hədəflərinin və prioritetlərinin müəyyənləşməsi baxımından vacibdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Konqresin açılış mərasimində iştirakı və ölkəmizin başçısının çıxışı vacib açıqlamaların və mesajların verilməsi ilə yadda qaldı. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi. Daha sonra Beynəlxalq Kosmik Stansiyanın astronavtlarının videomüracəti dinlənildi. Prezident İlham Əliyev bildirib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək. Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var.

Bu siyahını daha da genişləndirmək olar. Göründüyü kimi, Bakı idmandan, mədəniyyətdən siyasi və digər sahələrə qədər ən müxtəlif tədbirlərə evsahibliyi edib. Bu beynəlxalq tədbirlərə uğurla evsahibliyimiz bir neçə amillə, o cümlədən yaradılan təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu, habelə əlverişli iqlim şəraiti və əlbəttə, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlıdır. Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib. Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi barədə dekabrın 9-da məlumat yayıb. Bu qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla evsahibliyi edəcəyinə əminlik yaradır.

Beləliklə, bir daha söyləyə bilərik ki, Azərbaycan COP29-a da uğurla evsahibliyi edəcək. Qonaqlar yenə də paytaxt Bakıdan məmnunluqla qayıdacaq, xarici KİV Azərbaycanın uğurlu təşkilatçılığından yazacaq, təcrübəmiz ayrı-ayrı ölkələrdə tətbiq olunacaq.

Mustafa KAMAL,

"Respublika".