Gərginlik pik həddə çatıb
Siyasət

Gərginlik pik həddə çatıb

Bu günlərdə Korsika xalqı yenə də Makron hakimiyyətinə öz etirazını bildirib. Fransa və Korsika arasında əsrlər boyu davam edən gərginlik o həddə çatıb ki, mərkəzi hakimiyyət artıq nə edəcəyini bilmir. Hətta Korsika müxalifətinin əksəriyyəti son dövrlərdə adada fərqli düşünən insanlara qarşı Fransanın repressiya siyasətinin gücləndiyini iddia edirlər.

Bu yaxınlarda Fransa polisi tərəfindən "Nazione" millətçi hərəkatının iki fəalının həbs edilməsi Korsika ilə Makron hakimiyyəti arasındakı qarşıdurmanı daha da alovlandırıb. Həbs edilmiş iki şəxs yanvarın 31-də Parisə aparılaraq fəaliyyətləri ilə bağlı keçirilən məhkəmə istintaqı çərçivəsində həbs ediliblər. Bu isə Fransadan narazı olan Korsika vətəndaşlarının səfərbər olması ilə nəticələnib. Həbs edilənlərə dəstək məqsədilə korsikalılar aksiyaya başlayıblar. Aksiyada Bastiya Bələdiyyə Şurasının üzvləri, bələdiyyə sədri Pyer Savelli, merin müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə şurasının üzvü Lauda Qidiçelli də iştirak ediblər. Korsikalılar mediaya verdikləri açıqlamalarında aksiyanın məqsədinin zorakılıq və qəbuledilməz üsullarla həyata keçirilən həbslər olduğunu bildiriblər.

"Nazione" üzvləri isə hesab edirlər ki, Fransa hökuməti korsikalı fəalların həbsini məqsədli şəkildə həyata keçirir. Vəziyyəti daha dərindən analiz etsək görərik ki, bu həbslər yeni müstəqillik hərəkatının yaradılmasından sonra və "Bovo" qurama prosesi çərçivəsində daxili işlər naziri Jerald Darmanenin səfərindən cəmi bir neçə gün əvvəl baş tutub. Yeri gəlmişkən, "Bovo" prosesi çərçivəsində ölkə daxilində Korsika üçün muxtariyyətin yaradılması və ada ilə metropol arasında barışıq yolunun tapılması üçün komissiyanın təşkil edilməsi planlaşdırılıb. Xatırladaq ki, bu prosesin tarixi E.Makronun prezident seçilməsindən sonra adada iğtişaşlar baş verdiyi zamana təsadüf edir. Hələ o zaman Fransa dövlət başçısı Ayaççodakı yerli Assambleyaya müraciət etmişdi. Makron korsikalıları ada daxilində muxtariyyəti yaratmağa səsləmişdi. Real şərait isə bunun sadəcə Makronun yalanları olduğunu söyləməyə imkan verir. Nəzərə alsaq ki, əvvəllər Korsikanın şikayətlərinə baxmaq məsələsi gündəmdə idi, hazırda bunlar gözardı edilir. Şübhəsiz, indiki qarşıdurmaların alovlanmasında bunun da öz təsiri var.

Bir məqamı da qeyd edək ki, hələ 1998-ci ildə Korsikada yüksək rütbəli fransız məmuru Klod Erinyakın qətli səbəbindən həbs olunan korsikalı millətçi İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra adada narazılıqlar daha da artmışdı. Bu hadisəyə cavab olaraq minlərlə etirazçı əllərində "Statu Francese Assassinu" ("Fransız dövləti qatildir") və "I Francesi fora" ("Fransızlar rədd olsun") kimi yazıların əks olunduğu plakatlarla bütün şəhərləri gəzmişdilər.

Hazırda Makron hakimiyyəti nəyi necə edəcəyini bilmir. Yaxın günlərdə iki millətçi fəalın həbsi korsikalıların rəsmi Parisə qarşı nifrətini daha da artırıb, Makron hakimiyyəti çıxılmaz vəziyyətə düşüb. Çünki real şəraitdə Korsika adasının Parisə qarşı münasibəti o qədər kəskindir ki, hər hansı bir ortaq məxrəcə gəlmək mümkün deyil. Təsadüfi deyil ki, Fransa hökuməti korsikalıların müstəqillik tələblərinə güzəştə getmədən onların qanuni şikayətlərinin təmin edilməsi istiqamətində "yollar" axtarır. Bu yollar isə o qədər uyğunsuzdur ki, korsikalılar tərəfindən repressiv hərəkətlər kimi qiymətləndirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".