Hayastan
Siyasət

Hayastan "sülh topu"nu Qərbin meydanına atır

"Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil". Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda ifadə edib.

Ölkə başçısının da qeyd etdiyi kimi, sülhə can atan tərəf müharibədə məğlub olan Ermənistan yox, öz torpaqlarını düşmən tapdağından azad edən Azərbaycandır.

Sülhə təşviqetmə prosesi 30 ildir ki, davam edir. Ermənistan tərəfi isə hər dəfə ya əsassız bəyanatlarla prosesə xələl gətirir, ya da sülh masasına əyləşməkdən imtina edir. 2022-ci ildə Azərbaycan tərəfi Ermənistana sülhün əldə olunması üçün 5 baza prinsipi təqdim edib. Bu prinsiplər ətrafında uzun müzakirələr aparılsa da rəsmi İrəvanın konkret yanaşma sərgiləməməsi ucbatından mümkün sülh hələ də yubadılır. Bu ilin yanvarında bəzi ekspertlər 2023-cü ilin sonuna kimi sülhün imzalanacağını güman edirdilər. Lakin artıq ilin sonuna 3 həftədən bir az çox vaxt qaldığını nəzərə alsaq, Ermənistan tərəfinin 5 baza prinsipi ilə razılaşması üçün çox az zamanının qaldığını deyə bilərik. Sözügedən prinsiplərin mahiyyətini dərindən dərk etmək Ermənistan üçün deyəsən, çox qəlizdir. Məhz sözügedən 5 baza prinsipi Cənubi Qafqaza sülh gətirmək üçün "qızıl 5"lik rolunda çıxış edə bilər.

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də hələlik heç bir rəsmi sənəddə bu, öz əksini tapmayıb. Əksinə, Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyünü qəti şəkildə tanıdığını bildirib və topun Ermənistanda olduğunu vurğulayıb. Lakin rəsmi İrəvan həmin topu Qərbə ataraq sülhün əldə olunması üçün beş prinsipin birincisini rəsmi sənədlərdə göstərməkdən imtina edir.

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi. Bu məsələnin isə yaxın zamanda həll edilməsi əsl fantastika hesab oluna bilər. Çünki Ermənistanın rəsmi olmasa da regionun demək olar ki, hər bir dövlətinə qarşı ərazi iddiası var. "Böyük Ermənistan" xülyalarının hələ də arxasınca düşməyə can atan ermənilər fransızların da müharibəyə ruhlandırması ilə ərazi iddialarını yenidən gücləndirib. Bu şəraitdə keçmiş Qarabağ münaqişəsini yenidən canlandırmaq istəyən bəzi Qərb dairələri hayları şirnikləndirərək "Üçüncü Qarabağ müharibəsi"nə təşviq edir. Göründüyü kimi, ikinci prinsipin qarşılıqlı razılaşdırılması tamamilə Ermənistan tərəfinin müstəqil siyasət yürütməsindən asılıdır. Tez-tez gündəmə gətirilən Almatı Bəyannaməsi və SSRİ-nin müvafiq dövrlərdə tərtib edilən xəritələri məsələnin həllinə şərait yaratsa da, rəsmi İrəvanın qərəzli şəkildə ölkəmizə qarşı ərazi iddiası ilə çıxışlar etməsi bu prosesin də hər hansı bir həllinin Ermənistan tərəfində olduğunu göstərir.

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Yəni ölkəmizi "militarist" adlandıran bəzi dövlətlərin həmin sənəddən deyəsən xəbəri yoxdur. Bu baxımdan, Azərbaycan BMT Nizamnaməsinə tam şəkildə əməl edir. Bəs Ermənistan necə? Əlbəttə ki, yox. Məsələn, 2015-ci ildə Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verib. Həmin vaxt Azərbaycan tərəfi BMT Nizamnaməsinə uyğun addımlar atılacağını rəsmi İrəvana Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyası vasitəsilə bildirmişdi. Buna məhəl qoymayan Ermənistan masada "status-kvo" nağılı ilə onu uyudan Qərbin riyakarlığının 5 il sonra şahidi oldu.

Digər tərəfdən, Ermənistan "30+3" ildir ki, atəşkəs prosesinə ciddi xələl gətirirdi. Sərhəd bölgələrə kəşfiyyat-diversiya qruplarının göndərilməsi, bu il sentyabrın 19-na qədər keçmişdə qalan bütün təxribatlar - 2014-cü il Qazax, 2016-cı il Aprel, 2020-ci il Tovuz, o cümlədən 2022-ci il sentyabr döyüşləri və s. Ermənistanın sərhəddə təhlükəsizliyə nə qədər xələl gətirdiyini göstərir.

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması. Moskva və Brüssel görüşlərinin nəticəsizliyi son Qazax görüşünü şərtləndirmişdi. Görüşdə delimitasiya komissiyasının yaradılması haqqında qərar verilsə də məsələnin ilin sonuna kimi razılaşdırılması mümkün görünmür. 3 ildir ki, davam edən delimitasiya və demarkasiya işlərinin nəticəsi 0-a bərabərdir. Sülhün əldə olunmasında ən vacib elementlərdən biri olan bu prinsip Ermənistanın təxribatları sayəsində nəticəsiz qalmaqda davam edir.

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Üçtərəfli Bəyanatın 6-cı bəndini özündə ehtiva edən bu prinsipin həyata keçirilməsi daha realdır. Sözügedən məsələnin gündəmdə olduğunu nəzərə alsaq, Paşinyanın "yol-dəhliz" nağılı bitdiyi təqdirdə nəqliyyat kommunikasiyası qurula bilər. Naxçıvana quru yolu ilə gediş-gəlişin təmin olunması Azərbaycanın suveren hüququdur.

Zəngəzur dəhlizinin açılmasının Ermənistan tərəfindən yubadılması Azərbaycan üçün fəlakət deyil, əksinə hayların özünü regionda təcrid vəziyyətə salmaqdır.

Ümumiyyətlə, Azərbaycan mühüm 5 prinsipin hər birini qəbul etdiyini dəfələrlə bildirib. Əgər, İrəvan ona ünvanlanan topu özündə saxlayıb müstəqil siyasət yürütsə, sülhün bu il və gələn ilin əvvəli imzalanacağı mümkün görünür. Digər situasiyada isə əgər haylar həmin topu Qərbə doğru atacaqsa, o zaman ikinci "30" ilin şahidi olacaq. Bu dəfə isə Azərbaycanın itirəcəyi heç nə olmayacaq. Ermənistan isə növbəti 30 ildə "böyük Ermənistan" xülyasının mövcud son dövlətinə çevrilə bilər.

Tacir SADIQOV,

"Respublika".