Avropa havasına oynayan haylar
Siyasət

Avropa havasına oynayan haylar

2024-cü ildə qarşıda ölkəmizi gözləyən iki mühüm məsələ var. Bunlardan biri COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi, digəri isə sülh, delimitasiya və demarkasiya məsələlərinin uğurla başa çatmasıdır.

Görülən işləri, hazırlıqları nəzərə alsaq, COP29 tədbirinin uğurla keçəcəyini əminliklə deyə bilərik. Digər məsələyə gəldikdə isə burada ciddi nüanslar nəzərə çarpır. Şərti sərhəddə susmayan atəş səsləri isə sülhü təhdid edir. İyunun 15-də yenidən atəşkəsin pozulmasından sonra isə Ermənistanın baş naziri Nikol Paşinyan özünəməxsus təkliflə çıxış edib. Rəsmi İrəvan "atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılması" fikrini irəli sürüb. Bu "xoşməramlı" təklifin isə bir sıra sətiraltı mənaları var. Görünən odur ki, Ermənistan tərəfi yeni "ideyalarla" çıxış edərək danışıqlar prosesini daha da ləngidib masa arxasında uzun illər saxlamaq istəyir.

Bundan başqa, ikitərəfli mexanizmin yaradılması o deməkdir ki, sərhəddə üçüncü neytral tərəflər olacaq. Bəs həmin "tərəflər"in kim olması nəzərdə tutulub? Çünki erməni baş nazirin bu açıqlamasından dərhal sonra Avropa İttifaqı bu təşəbbüsü alqışladıqlarını bildirib. İttifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə öz rəsmi sosial media hesabında paylaşım edərək açıqlayıb ki, Aİ-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır. Bu açıqlamalardan sonra Nikol Paşinyanın mexanizm sevdasının haradan gəldiyi əslində üzə çıxdı. Həmçinin baş nazirin bu təşəbbüsü sual altına düşür ki, yəqin iyunun 13-dən etibarən sərhəddə atəşkəsin pozulmağa başlanılmasında əsas məqsəd "mexanizmin" yaradılmasına zəmin formalaşdırmaqdır. Həm də ABŞ Dövlət Departamenti Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın İrəvan səfərindən (10-12 iyun) sonraya təsadüf etməsi də bu kontekstdə diqqət çəkir. Sözsüz ki, bu planda ABŞ-ın maraqlı olduğu da istisna edilməməlidir. Bununla yanaşı, Azərbaycan tərəfi Avropa qüvvələrinin qərəzsiz sərhəd nəzarətinə necə güvənə, etibar edə bilər ki? Bu günə qədər Qərbin "durbinli" kəşfiyyatçıları öz gözlərini Qarabağa tərəf tuşlamışdılar. Tez-tez sərhədə baş çəkib torpaqlarımızı seyrə çıxmışdılar. Bundan başqa isə sülhün əldə olunması üçün heç bir müsbət atdım atmayıb, əksinə, daha çox narahatlığa səbəb olmuşdular. Odur ki, bütün bu faktlar qarşısında yenidən həmin qüvvələrin "nəzarətçi" kimi iki ölkənin sərhədlərinə gətirilməsi qəbuledilməzdir. Həm də bu hal sadəcə Ermənistanın xeyrinə ola bilər ki, o zaman da bir atalar sözü yada düşür: "yalançının şahidi yanında olar". Yəni hər hansısa bir fövqəladə halda haqlı hər zaman Qərb qonşumuz olacaq, atəşkəsi pozan isə biz.

Həmişəki kimi, Avropa qüvvələri ssenarini cızdı, Ermənistan isə plana uyğun hərəkət etdi. Görünür sərhəddəki Aİ qüvvələrinin çoxluğu Ermənistana bəs etməyib, indi daha artığını istəyir. Gözü-könlü "tox" qonşumuz öz xalqına deyil, əcnəbiyə qucaq açıb. Qeyd edək ki, Nikol Paşinyanın açıqlamasındakı "beynəlxalq ictimaiyyət üçün də həqiqi vəziyyəti anlamaq" qeydi o deməkdir ki, hədəf beynəlxalq diqqəti sərhəddəki hadisələrə yönəltməkdir. "Beynəlxalq nəzarət" isə Azərbaycan tərəfinin qəbul edəcəyi bir sistem deyil. Başqa ölkələrdən fərqli olaraq, Odlar yurdu azad siyasi iradəsi olan respublikadır. Azərbaycana hər hansısa "nəzarət" lazım deyil. Əgər kimsə özündən şübhəlidirsə, o zaman ona əsasən addımlar atsın. Yox, əgər burada məqsəd gizli formada sərhəddə öz ordularını yığmaqdırsa, bu da faydasından çox, ziyanını göstərəcək. Çünki bütün bu kimi təxribatlara qarşı Azərbaycanın güclü texnikası, qəhrəman ordusu var. Mənasız ideyalar nəinki məsələni həll edir, əksinə, prosesi uzadır.

Töhfə SƏMƏDOVA,

"Respublika".