Şəhid Nazim Şirinovun nəşinin qalıqları Mehdiabadda torpağa tapşırılıb
CƏMİYYƏT

Şəhid Nazim Şirinovun nəşinin qalıqları Mehdiabadda torpağa tapşırılıb

Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz açan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.

Şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib. Burada vida mərasimi təşkil edilib. Cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin qısa və şərəfli həyat yolundan danışıblar.

Sonra iştirakçılar Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına üz tutublar. Şəhid Nazim Şirin oğlu Şirinovun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Onun ruhuna dualar oxunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

Şəhidin qardaşı Bəkir Şirinov jurnalistlərə açıqlamasında deyib: "Şükürlər olsun ki, qardaşım Nazim Şirinovun nəşi tapıldı. 31 illik həsrətimizə son qoyuldu. Bu bizim üçün böyük sevinc və təskinlikdir. Şəhid qardaşımın ruhu artıq şaddır".

B.Şirinov bildirib ki, qardaşı Nazim Cəbrayılda polis kimi fəaliyyət göstərirdi: "O öz vəzifə borcunu icra edirdi. Sonra isə ondan xəbər almadıq. Uzun illər gözlərimiz yollarda qaldı. Şəhidlik uca zirvədir. Qardaşımın iki övladı yadigar qaldı. Neçə illərdən sonra onun dəfn mərasimi keçirilir. Mən ilk olaraq dövlətimizin başçısına, həmçinin bu işdə əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm".