Sankt-Peterburqla turizm əlaqələri inkişaf etdirilir
İqtisadiyyat

Sankt-Peterburqla turizm əlaqələri inkişaf etdirilir

Rusiya ilə turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları aprelin 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə müzakirə olunub.

Müzakirələr çərçivəsində 5 mart 2024-cü il tarixli “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.

Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün 2024-cü il ərzində müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkəmizdə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi haqqında müzakirələr aparılıb.

“Respublika”.