Qlobal güclər sülh prosesində maraqlıdır
Gündəm

Qlobal güclər sülh prosesində maraqlıdır

Qələbəmizin təminatı sayılan 10 noyabr bəyənatından sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması labüd hala çevrilib. Elə həmin dönəmdən ardı-arası kəsilməz sülh danışıqlarının yekunlaşdırılması, sərhədlərin delimitasiyası, Naxçıvan eksklavı məsələsinin həll edilməsi və digər sülhə dayanan prosedurların razılaşdırılması ilə bağlı zirvə görüşləri hələlik heç bir nəticə vermir. Bəzi geosiyasi qüvvələrin bu sülhə maraqlı olmaması, həmçinin Ermənistan hakimiyyətinin şifahi olaraq sülh formatında çıxış edib rəsmi sənədlərə gəldikdə isə sülh danışıqlarını böyük fiyaskoya çevirməsi məsələnin yekununu ləngidən ən mühüm səbəblərdəndir. Keçirilən Vaşinqton, Brüssel və Kişineu görüşləri hələ də öz məntiqi nəticəsini tapmayıb. Lakin, mümkün ola biləcək sülhün Qərbə heç olmadığı qədər böyük faydası var.

Məsələ ilə bağlı “Respublika”ya açıqlamasında Politoloq Zaur Məmmədov bildirib ki, geosiyasi regionda hərkəsin öz maraqları var:

"Cənubi Qafqazın Avrasiyanın mərkəzində çox vacib xətt olduğunu yaxşı bilirlər. Xüsusilə, Azərbaycan hal-hazırki dəyişən qlobal dünyada əhəmiyyətli kommunikasiya xətlərinin üzərində yerləşir və zaman da sübut elədi ki, artıq ənənəvi nəqliyyat dəhlizlərindən savayı, həm də Cənubi Qafqaz nəqliyyat xəttinə Çin və Qərb üstünlük vermiş olacaq və əlbəttə ki, bu nəqliyyat xətti üzərində yerləşən ölkələrdəki vəziyyət, burdakı  sabitlik, bu və ya digər geosiyasi qüvvələrin maraqlarına cavab verən proseslərin həyata keçməsi mühüm hadisədir. Azərbaycan və Ermənistan arasındakı münaqişə bir tərəfdən bəzi qüvvələr üçün bölgədə mövcudluğu davam etdirmək baxımından təsir imkanıdır. Bəzi ölkələr üçün isə əksinə, bölgədəki münaqişə öz geosiyasi rəqibləri olan qüvvələrin maraqlarını və statusunu regionda saxlamağa çalışdığı üçün həmin məsələlərin həllini istəyirlər. Ələxüsus, burda Azərbaycan üçün önəmli olan kimin nə istəməsindən çox, öz maraqlarını əmin şəkildə yerinə yetirməkdir".

Ekspertin sözlərinə görə, həm Rusiya, həm Aİ, həm ABŞ Azərbaycanın istəklərinin və tələblərinin  nədən ibarət olduğunu bilirlər və başa düşürlər: 

"Bununla bağlı dəfələrlə açıq diskussiyalar keçirilib. Həmin o dairələrin də bölgədəki proseslərlə bağlı istəyi var. Təbii ki, hal-hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması heç də reallıqdan uzaq deyil. Buna görə ki, Ermənistan Respublikasının Prezidenti Nikol Paşinyan şifahi şəkildə ziddiyətin aradan qaldırılması üçün ən mühüm amil olan Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə tanıdığını və Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Bircə bu məsələlərin sülh müqaviləsində rəsmi formada öz əksini tapması qalıb və bölgədə geosiyasi maraqları olan qüvvələr də yaxşı bilirlər ki, onsuz da Azərbaycan Qarabağda öz istəyinə nail olacaq. Əgər hər hansı bir qüvvə buna mane olmağa cəhd edərsə, onlar sadəcə bu bölgədə öz imkanlarını əldən vermiş olacaqlar. 44 Günlük müharibədə də gördük ki, separatçılara dəstək olan qüvvələr bölgədə öz mövqelərini necə itirdilər. Əgər onlar Azərbaycanın təklif etdiyi xətlə getsəydilər, indi Cənubi Qafqazda mühüm maraqları müdafiə edə bilərdilər”.

Sonda politoloq Zaur Məmmədov avqust ayının sülh məsələsi baxımından çox hərarətli keçəçəyini, qərbin bu məsələdə konstruktiv yanaşma göstərib sülh üçün adekvat addımlar atacağı təqdirdə sülhün imzalanacağı və geosiyasi dairələrin bundan bəhrələnəcəyini bildirib.

Tacir SADIQOV,

 "Respublika".