Qarabağ və Şərqi Zəngəzurda quruculuq müasir şəhərsalma qaydaları ilə aparılır
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda quruculuq müasir şəhərsalma qaydaları ilə aparılır

Dünyanın gözü qarşısında öz gücümüz və birliyimizlə Azərbaycanın ən ağrılı problemi həll olundu, uzun illər davam edən Qarabağ münaqişəsi keçmişdə qaldı. Bütün havadarlarının, erməni lobbisinin, diasporunun köməyinə baxmayaraq, işğalçı Ermənistan döyüş meydanında məğlub oldu.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün qalib ölkə kimi tanınır. Nəhəng infrastruktur layihələr icra edilir, Ermənistanın törətdiyi işğalın ağır nəticələri aradan qaldırılır, azad edilən torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Son üç ildə 30 illik erməni işğalına şərəflə, qəhrəmanlıqla son qoyulub. Hərb tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunan 44 günlük müharibə Ermənistan ordusunu və daşnak "ideya"larını darmadağın etdi.

Rəsmi Bakı vaxtilə Qarabağa köçürülən və orada yaşayan ermənilərə öz vətəndaşları kimi yanaşaraq reinteqrasiyaya yaşıl işıq yandırdı. Lakin Qarabağdakı qondarma qurum bölgədəki Rusiya sülhməramlılarına güvənərək, Ermənistanın da dəstəyi ilə silahlanmağa və Azərbaycana meydan oxumağa davam edirdi. Regionda böyük miqdarda silah-sursat cəmlənmişdi. Bütün sülh təklifləri rədd olunur, hətta Xankəndiyə humanitar yardım aparan maşınların qarşısı kəsilirdi. Eyni zamanda hərbi təxribatlar və ərazilərin minalanması davam edirdi. Daşnak ermənilər xüsusi elektron qurğularla mülki təyyarələrə maneələr yaradırdılar. Nəhayət, bütün bunlara son qoymaq üçün 2023-cü il sentyabrın 19-unda Azərbaycan Xankəndidə və ətraf ərazilərdə lokal antiterror tədbirlərinə başladı. 23 saat sonra separatçılar, Ermənistanın Qarabağda gizli qalan silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular, "lider"lərinin qollarına qandal taxılaraq Bakıya gətirildilər. 

Azərbaycan üçün böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı həyata keçirilir. Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı üçün layihələr həyata keçirilir. İşğaldan azad edilən ərazilərdə ağıllı şəhər və kəndlərin salınması, keçmiş məcburi köçkünlərə yüksək həyat şəraitinin yaradılması əsas və ən vacib məqsədlərdən biridir. Azad edilmiş ərazilərə innovasiyalar gətirilməsi, daha yaxşı infrastrukturun qurulması və sənayenin inkişafının dəstəklənməsi istiqamətində davamlı işlər görülür. Yaşıl enerji infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etmək əsas hədəflərdən biri hesab olunur. Quruculuq işləri işğaldan azad edilmiş rayonlarımızın hamısında paralel şəkildə aparılır. Hazırda Füzuli rayonunda da yeni yaşayış məntəqələrinin inşası sürətlə həyata keçirilir. Ermənistanın viran qoyduğu Füzulinin xarabalıqları üzərində yeni və müasir bir şəhər qurulur, kəndlər salınır. Dövlət başçısı İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda şəhərlərlə yanaşı, kəndlərin də təməl daşını qoyur, çox sevindiricidir ki, artıq quruculuq işləri kəndləri də əhatə edir. Dövlətimiz üçün 2026-cı ilə qədər Füzuli şəhərini və bir neçə kəndi yenidən qurmaq əsas hədəflərdən biridir. Birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına köçürülməsi və orada insanların firavan yaşamalarının təmin edilməsi nəzərdə tutulur.

Füzulidə bir neçə yeni pilot layihə tətbiq edilir. Bu yaxınlarda təməli qoyulan Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi ev inşa olunacaq. Bunun üçün 18,1 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri başa çatdırılandan sonra kəndə birinci mərhələdə 204 ailə - 710 nəfər köçürüləcək. Füzuli rayonunun Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi və ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılır, çoxfunksiyalı inzibati binanın, Bayraq Meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi aparılacaq. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa ediləcək. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 16-da təməlini qoyduğu Füzuli rayonunun Cuvarlı kəndinə 1 697 nəfər köçürüləcək. Kəndin ümumi ərazisi 115 hektardır və burada 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kəndə 129 ailə - 508 nəfər köçürüləcək. Kənddə 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi nəzərdə tutulur. Füzulinin yeni coğrafiyası modern, ağıllı kənd konsepsiyası əsasında cızılır və uğurla tikilir. Qeyd edək ki, Baş Plana əsasən Füzuli şəhərində 10-dan artıq məktəb, 150 yerlik mərkəzi rayon xəstəxanası və poliklinikalar tikiləcək.

Mübaliğəsiz demək olar ki, Prezidentin işğaldan azad edilən ərazilərə hər səfəri gələcəyə atılan uğurlu addımlardır. Son üç il ərzində dövlət başçısının Füzuli rayonuna doqquz səfəri olub. Hər səfər çərçivəsində yeni-yeni layihələrin əsası qoyulub, tikintisi başa çatdırılmış sosial obyektlərin açılış mərasimləri keçirilib. Oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri haqqında bildirib ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə reallaşdırılan layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik.

Füzulidə aparılan sürətli quruculuq işləri nəticəsində bu ilin sonuna qədər şəhərdə təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ildə 22 min insan Füzuli rayonuna qayıdacaq. Hazırda Füzuli şəhərinə 800 nəfər köçürülüb. Şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3 022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq.

Hazırda "Onlayn Azərbaycan" layihəsinin əsas tərəfdaşı olan "Aztelekom" bu prosesi sürətli şəkildə davam etdirir. Paralel olaraq, işğaldan azad edilmiş və bərpa işlərinə başlanan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Laçın rayonunda, Füzuli rayonunda fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafı, yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurd yerlərinə ləyaqətlə qayıdışı üçün dövlət tərəfindən zəruri tədbirlər görülür. Bütün işlər və nəhəng layihələr birbaşa dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altında, tövsiyə və tapşırıqları əsasında, dünyanın ən müasir şəhərsalma təcrübəsi ilə həyata keçirilir.

Salman ALIOĞLU,

"Respublika".