QAZAXLI GƏNCLƏR VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN MƏZARLARINI ZİYARƏT EDİBLƏR
Region

QAZAXLI GƏNCLƏR VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN MƏZARLARINI ZİYARƏT EDİBLƏR

Bir qrup qazaxlı gənc Vətən müharibəsi şəhidi çavuş Nəsibov Elməddin Yusif oğlunun məzarını ziyarət etmişlər.

Yaşasaydı, Elməddin Nəsibovun 39 yaşı tamam olacaqdı...

"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə Ağköynək kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü il tarixədək "N" saylı hərbi hissədə "Pulemyot manqa komandiri" ixtisası üzrə kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. "N" saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

***

Gənclər qəhrəman şəhidimiz Elşən Orucovun doğum günündə Xanlıqlar kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar. Yaşasaydı, 31 yaşı olacaqdı.

Əsgər Orucov Elşən Ehtiram oğlu 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə başlamışdır. "N" saylı hərbi hissəsinin 2-ci taborunun tank taqımının baş sürücü mexaniki idi.

Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür.

Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı bizlərə əmanət qalır.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin Sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Vəli VƏLİYEV,

"Respublika".