Qarabağ erməni icmasının xahişi ilə ərzaq yüklərinin çatdırılması prosesinə başlanılıb
Gündəm

Qarabağ erməni icmasının xahişi ilə ərzaq yüklərinin çatdırılması prosesinə başlanılıb

Azərbaycanın mərkəzi  hakimiyyəti Qarabağda yaşayan erməni əsilli vətəndaşlara humanitar yardımın  çatdırılmasına kömək edə biləcəyini dəfələrlə bəyan edib, hətta bu istiqamətdə praktiki addımlar da atıb.

Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqust  ayının 29-da 2 yük maşınından ibarət 40 ton unun Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa göndərilməsinə təşəbbüs göstərsə də, həmin yardımların əhaliyə çatıdırılmasının qarşısı separatçı rejim tərəfindən alınmışdı. Bunun da tək səbəbi erməni əsilli vətəndaşların reinteqrasiya prosesinə mane olmaq idi.  Hadisələrin uzun müddət bu cür cərəyan etməsi həm Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə, həm də Fransa başda olmaqla bəzi Qərb ölkələrinin maraqlarına xidmət edirdi. Fransa dəfələrlə əsassız bəyanatlar verməklə Qarabağa müdaxilə etməyə çalışsa da, Azərbaycan dövlətinin göstərdiyi prinsipial mövqe bu gün Paris rəsmilərini məsələnin kənarında saxlayır. Onlar yalnız BMT, Aİ və AŞPA-da hər hansısa bir toplantının keçirilməsini təşkil edib ölkəmizə qarşı hədə-qorxu gəlməyə çalışsalar da, sonunda heç nəyə nail ola bilmirlər.

Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu regionda baş verən hadisələr də ölkəmizin daxili işi hesab olunur. Ona görə də, hər hansı bir ölkənin, beynəlxalq təşkilatın bu məsələni hər dəfə manipulyasiya edərək gündəmə gətirməsi yersiz və absurddur. Bu gün dünyanın bir çox ölkələrində baş qaldırmış separatçı rejimə qarşı vahid cəbhə formalaşsa da, Azərbaycana qarşı bu məsələdə hər zaman ikili yanaşma mövcud olub. Məsələn, Fransa və Ermənistanın Qarabağa göndərməyə çalışdığı "humanitar" yüklər öz günahları ucbatından aylardır ki, Laçınla sərhəddə gözləyir. Əslində hər iki dövlətin rəsmiləri bu yükləri göndərməmişdən əvvəl də bilirdilər ki, həmin TIR-lar Azərbaycan ərazisinə buraxılmayacaq. Çünki dövlətimizin sərhədləri daxilinə hər hansısa bir humanitar yüklərin daxil olması üçün ilk növbədə Azərbaycan tərəfinin icazəsi olmalıdır. Dövlətimiz tərəfindən heç bir xarici ölkəyə belə bir missiyanın yerinə yetirilməsi xahiş olunmayıb. Amma saxta "blokada", "humanitar böhran" görüntüsü yaratmaq adına belə addımların atılması sir deyil.

Azərbaycan dövləti bu gün tarixinin ən qüdrətli çağını yaşayır. Müstəqil iqtisadi və siyasi şərait imkan verir ki, dövlətimiz dünyanın bir çox ölkəsinə humanitar yardım edə bilsin. Xüsusilə belə yardımlar ən çox özünü COVID-19 pandemiyasının tüğyan etdiyi ərəfələrdə göstərilib. Bundan başqa, təbii fəlakətlərdən, müharibələrdən əziyyət çəkən ölkələrə də Azərbaycan yardım əlini uzadıb. Ona görə də, Qarabağda yaşayan erməni əsilli vətəndaşların sosial problemlərinin həll olunması ölkəmizin daxili işidir.

Kənar dövlətlərin müdaxilə cəhdlərinə rəğmən artıq Azərbaycan mərkəzi hakimiyyəti və Qarabağın erməni icması arasında ərzaq yüklərinin çatdırılmasında ilkin razılıq əldə olunub və erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. Belə ki, sentyabrın 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb. Yüklər Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.

Bu önəmli hadisə 19-20 sentyabr tarixlərində keçirilən uğurlu lokal antiterror tədbirlərinin nəticəsidir. Məhz antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq təslim olmuşdur. Bundan bir gün sonra isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti əsasında sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşü oldu. Görüşdə erməni icma nümayəndələri xüsusilə yanacağa ehtiyac duyulduğunu və eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Azərbaycan mərkəzi hakimiyyəti bu xahişlərə dərhal reaksiya verib və ərzaq yüklərinin göndərilməsi prosesinə başlanılıb.

Musa BAĞIRLI,

"Respublika".