Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyiblər
Gündəm

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyiblər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan humanitar yardım yola salıb. Həmin yardım karvanı Ağdam-Xankəndi yolundadır. AzQAC əməkdaşları və könüllülər bu yolda gecələyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çadırlar Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə quraşdırılıb. Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları ilə danışıqlar aparıblar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir. O deyib: "Bizə bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər".

Qeyd edək ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

AzQAC-ın prezidenti Novruz Aslan isə yardımın yola salınması mərasimində jurnalistlərə açıqlamasında deyib: "Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Həmin bəyanatdan sonra bu məsələ diqqətimizdədir və hazırda humanitar yardım göndəririk. Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək".

Bu addımın Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağına ümidvar olduğunu bildirən təşkilat rəhbəri əlavə edib: "Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik".