Silahlı Qüvvələrimizin tək hədəfi separatizmlə və terrorizmlə mübarizə olub
Gündəm

Silahlı Qüvvələrimizin tək hədəfi separatizmlə və terrorizmlə mübarizə olub

Azərbaycan Ordusunun separatçı rejimə qarşı başladığı lokal antiterror tədbirlərində əsas məqsədlərdən biri də dinc erməni əhalisinin ziyan görməməsi olub. Əməliyyat başlamazdan əvvəl Ali Baş Komandan tərəfindən bütün hərbi birləşmələrə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməli və mülki əhali qorunmalıdır. Hətta Ermənistan baş naziri Nikol Paşinyan etnik ermənilərə qarşı heç bir təhlükənin olmadığını deyib. Lakin buna baxmayaraq, bəzi qərb ölkələri və təşkilatları hər zaman olduğu kimi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməkdə davam edirlər.

Mövzu ilə bağlı fikirlərini söyləyən millət vəkili Elman Nəsirov Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror tədbirlərinin yalnız separatizmə və terrorizmə qarşı mübarizə olmasından və bu tədbirlərin heç bir halda dinc əhaliyə yönəlməməsindən danışıb:

"Bununla bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də xüsusi olaraq vurğuladı ki, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Baxmayaraq ki, xalqımıza qarşı Xocalı soyqırımı kimi qanlı faciə törədilib, kəndlərimiz, şəhərlərimiz, yerlə-yeksan olub, amma biz bu məsələlərdə erməni xalqını günahlandırmırıq. Bizim mübarizəmizin hədəfində erməni separatizmi və erməni terrorizmidir. Yeri gəlmişkən, separatizm və terrorizm əslində eyni zəncirin iki müxtəlif həlqəsidir və onların arasında məsafə o qədər kiçikdir ki, hətta onları bir-birindən ayırmaq belə çətindir. Dünyanın hər hansı bir yerində beynəlxalq terror əməlinə qarşı mübarizə əslində ümumbəşəri bəlaya qarşı qlobal mübarizənin tərkib hissəsidir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri Qarabağda separatizmin, terrorizmin kökünü kəsməklə yanaşı, həm də beynəlxalq təhlükəsizliyə də çox ciddi töhfə vermiş oldular.

Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları və təhlükəsizlik məsələləri Azərbaycan dövlətinin daxili işidir. Cənab Prezident də bildirdi ki, Azərbaycan azad cəmiyyətdir, çoxmillətli, çoxkonfessiyalı dövlətdir və onların bütün hüquqları təmin ediləcək. Cənab Prezidentin sözü imzası qədər dəyərlidir, deməli, belə də olacaq. Artıq separatçılar da təslim olub, silahı yerə qoymaq qərarına gəliblər. Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri bölgəni tərk edəndən sonra Qarabağda və bütövlükdə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün gələcəyi ilə bağlı unikal imkanlar və şanslar yaranacaq. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da yəqin ki, yaxın perspektivin məsələsinə çevriləcək".

Musa BAĞIRLI,

"Respublika".