Prezident İlham Əliyev Xankəndidə bayraq qaldırmaqla xalqımıza növbəti qürur yaşatdı
Gündəm

Prezident İlham Əliyev Xankəndidə bayraq qaldırmaqla xalqımıza növbəti qürur yaşatdı

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı.

Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə nail olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik.

Ulu Öndər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü Vətəninə, xalqına həsr etdi, böyük bir dövlət qurdu. İndi işğal edilmiş torpaqlarımız azad edilib, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimizin qisasları alınıb, can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki, şəhidlərimizin qanı yerdə qalmadı.

Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, iqtisadiyyatımız günü-gündən gücləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi, verdiyi hər bir sözə, vədə sahib çıxdı. Yeri gəlmişkən, xatırladım ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib çıxdı.

Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. 20 ildə regionlarımızda vəziyyət xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən cənab İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq. Azərbaycan həmkarlar ittifaqları olaraq həmişə olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin ətrafında olacağıq, dövlətimizin və xalqımızın daha parlaq gələcəyi naminə onun müdrik siyasətinə dəstək verəcəyik.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlaq İttifaqının Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.