Müasir dünyada milli və ümumbəşəri dəyərlərin məkanı
Siyasət

Müasir dünyada milli və ümumbəşəri dəyərlərin məkanı

Müstəqil xarici siyasət, yaratdığı reallıqlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

Ölkəmizin beynəlxalq nüfuzunun artması, regionda baş verən geosiyasi proseslərdə əsas aktora çevrilməsi, həmçinin ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində əlavə öhdəliklərə imza ataraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək.

Müasir, müstəqil Azərbaycan dövləti dünya əhəmiyyətli forumların, tədbirlərin keçirilməsində artıq kifayət qədər təcrübəyə malikdir, lakin yenilənən texnoloji imkanlar, gələcəyə doğru sürətlə dəyişən baxışlar, habelə dördüncü sənaye inqilabının gətirdiyi çağırışlar bu tədbirə daha yaxşı hazırlaşmağı diktə edir.

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri Yer kürəsində orta temperaturlar və hava şəraitinin uzunmüddətli dəyişməsidir. Artıq onun fəsadları özünü büruzə verir. Belə ki, iqlim dəyişmələri üzrə ekspertlərin hesabatında qeyd olunur ki, son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artmış, okeanın səviyyəsi 15-25 santimetr qalxmış və okeanların qızma dərinliyi 3000 metrə çatmışdır. Keçən əsrin 50-ci illərindən etibarən hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlayıb. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər şəkildə paylanması nəticəsində son illərdə təhlükəli hidrometeoroloji hadisələrin tezliyi və amplitudası artmışdır. Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, subasmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir. Qlobal temperatur insan fəaliyyəti sayəsində artır. Yaxın onilliklərdə çox güman ki, vəziyyət daha da pisləşsin, lakin təcili tədbirlər iqlim dəyişmələrinin pis nəticələrini məhdudlaşdıra bilər. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını - əsasən karbon qazını (CO2) atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq planetin istiləşməsinə səbəb olur. Sənaye inqilabının əvvəlindən bəri insanlar böyük miqdarda qazıntı yanacağı yandırmağa başladılar və nəticədə CO2-nin atmosferdə miqdarı təxminən 50 faiz artdı.

İndiyə qədər görülmüş tədbirlərin sürəti və miqyası iqlim dəyişmələri probleminin həlli üçün kifayət etmir. Bir əsrdən artıq müddətdə qazıntı yanacağının yandırılması, həmçinin enerjidən qeyri-müntəzəm və qeyri-sabit istifadə edilməsi nəticəsində sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə səviyyəsində qlobal istiləşmə baş verib. Dünyanın bütün regionlarında təbiət və insanlar üçün daha təhlükəli nəticələrə gətirib çıxaran intensiv ekstremal hadisələr ətraf mühitə böyük təsir göstərib, o cümlədən istilik dalğaları və leysanlar kimi intensiv ekstremal hava şəraiti, dəniz səviyyəsinin yüksəlməsinə kömək edən buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi, Arktikada dəniz buzu sahəsinin kəskin azalması okeanın istiləşməsinə səbəb olub. Xüsusən də temperaturun artması nəticəsində dünyada olan su ehtiyatları azalmağa başlayır. Təbiətdə quraqlıq, yaşıllıq zonaları azalır, meşə yanğınları intensivləşir, regionlarda su qıtlığı baş verir və bunun nəticəsində ərzaq böhranı yaranır. Buna görə də bütün dünya ölkələri bir araya gələrək iqlim dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti hər zaman ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olub. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Yaşıl inkişaf gündəliyinə uyğun olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi, eləcə də bu strategiyanın koordinasiyasında milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, iqtisadiyyatın dekarbonizasiyası iqtisadi, habelə insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş dəqiq strategiya var. Bu strategiya çərçivəsində qlobal bazarın tələbləri və BMT-nin iqlim gündəliyi nəzərə alınmaqla sahələrin hər biri (neft-qaz hasilatı və ixracı) özünəməxsus yer tutur. Çoxsaylı neft, qaz və enerji sazişləri olan Azərbaycanın gələcək inkişafla bağlı aydın baxışı var. Bu Azərbaycanla etimadlı və uzunmüddətli beynəlxalq münasibətlərin qurulmasına töhfə verir, qlobal dəyərlərə hörmət edən sabit dövlət kimi əhəmiyyətini və nüfuzunu artırır.

Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə fəal dəstək göstərir. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayır. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır. BMT-nin 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-cu sessiyasına (COP29) Bakının ev sahibliyi edəcəyi ilə bağlı qərar qəbul etməsinin ardınca ölkəmizdə bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bir-birinin məntiqi davamıdır. Regionun inkişaf etmiş dövlətlərindən biri olan Azərbaycanın qlobal ətraf mühit problemlərinin qarşısının alınmasına "yaşıl enerji"nin tətbiqi kimi tədbirlərlə xidmət göstərməsi təqdirəlayiqdir və dünyada rəğbətlə qarşılanır. Münxen Təhlükəsizlik Konfransında dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüşdə əsas mövzulardan biri kimi COP29-u gündəmə gətirirlər. Bu mötəbər tədbirlə əlaqədar ölkəmizə əməkdaşlıq təklif olunur, Azərbaycana inam ifadə edilir. Bu, onu göstərir ki, Azərbaycan hökuməti ekologiya, ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və "yaşıl enerji"yə keçid məsələlərinə həqiqətən də böyük önəm verir və xüsusi həssaslıqla yanaşır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Dövlətimizin başçısı ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib. Bəyanatda AHOA-nın Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi fədakarlığı və liderliyi alqışlanıb, bütün dünyanı iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırdığı qeyd edilib.

COP29-un ardınca Azərbaycan BMT-nin 2026-cı ildə daha bir mötəbər tədbirinə ev sahibliyi edəcək. Nəzərə alaq ki, şəhərlərin inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır, BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərar dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən yüksək qiymətdir.

Mustafa KAMAL,

"Respublika".