Pambıqçılığa diqqət və qayğı
Region

Pambıqçılığa diqqət və qayğı

Biləsuvarda pambıqçılığın ənənələri qədimdir. Məhz ulu öndər Heydər Əliyevin ölkəyə birinci hakimiyyəti dövründə Azərbaycanda, o cümlədən Biləsuvar rayonunda pambığın məhsuldarlığı artmış və hər hektarın məhsuldarlığı 35 sentnerə yaxınlaşmışdır. Həmin illərdə Biləsuvarda pambıq istehsalı 40 min tona yaxın olmuşdur. Təəssüf ki, məlum səbəbdən sonrakı illər bu qiymətli strateji məhsula diqqət göstərilmədi, istehsalı ilbəil azaldı.  

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev söhbət zamanı bildirdi ki, cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin hər il artması bu qayğının daha bir parlaq nümunəsidir. İndi çiyidin əkilib-becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər yoxdur. Şirkətlər arasında əldə olan razılaşmaya əsasən pambığın növlər üzrə mövcud alış qiymətləri 2023-cü ildən hər tona 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3-cü növün qiyməti 740 manata, 4-cü növün qiyməti isə 700 manata qaldırılıb. Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün stimuldur.

Qeyd edək ki, Biləsuvar rayonunda əkinəyararlı 52000 hektar suvarılan sahə var. Ötən təsərrüfat ilində rayonda 6745 hektar pambıq əkilib-becərilmiş hər hektardan 27 sentner məhsul əldə edilmişdir. 2024-cü il üçün Biləsuvar rayonunda pambıq əkini həyata keçirmək üçün Fermerlər "MKT İstehsalat Kommersiya" MMC, "Azərpambıq ASK" MMC, "P-AQRO" MMC, "Azərpambıq ASK" ASC-nin Təcrübə Sınaq Təsərrüfatı, "Cotton Traede" MMC ilə müqavilə bağlanmışdır ki, ümumilikdə 6854 hektar sahədə çiyid səpini mütəşəkkilliklə davam etdirilir. Müəssisələrin anbarlarında çiyid, gübrə və dərman ehtiyatları mövcuddur. Fermerlər əsasən qardaş Türkiyədən gətirilmiş "Bəyaz Altun-440" və "Lazer" məhsuldar toxum sortlarından istifadə edirlər.

Ərəstun ABDULOV,

"Respublika".