DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİL HƏMAS-A SON FÜRSƏTİ VERMƏYƏ HAZIRDIR

İsrail HƏMAS hərəkatına hazırkı mövqeyini yenidən nəzərdən keçirmək və Təl-Əvivlə Qəzza zolağındakı vəziyyəti nizamlamaqla bağlı razılığa gəlmək üçün son fürsət verməyə hazırdır. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Əl-Qahirə əl-İhbariya” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, İsrail tərəfi HƏMAS ilə danışıqlarında vasitəçi olaraq Təl-Əvivə gələn Misir nümayəndə heyətinə Fələstin hərəkatının “atəşkəs razılaşmaları əldə etmək üçün son şansdan istifadə etməsinin lazım olduğunu” bildirib. İsrail nümayəndələri hesab edirlər ki, Misir HƏMAS-a təzyiq göstərməli olacaq ki, radikallar bu fürsətdən istifadə etsinlər.

Eyni zamanda, vurğulanır ki, Təl-Əviv Misir nümayəndə heyəti ilə görüşdə “İsrail qoşunlarının sektordan çıxarılması və köçkün fələstinlilərin evlərinə geri qaytarılması məsələlərində yumşaqlıq” göstərib. Bununla yanaşı, İsrail tərəfi Qahirədən olan nümayəndə heyəti ilə danışıqlarda qeyd edib ki, HƏMAS-la razılaşma əldə olunsa belə, Qəzzada atəşkəs yalnız bir neçə həftə davam edəcək.

STOLTENBERQ: MÜTTƏFİQLƏR UKRAYNAYA VƏD ETDİKLƏRİ YARDIMI VERMİRLƏR

ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya və onun ordusuna kifayət qədər dəstək göstərməyiblər. “Sputnik” agentliyinin xəbərinə görə, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

“Dürüst olmalıyıq - son aylar NATO müttəfiqləri Ukraynaya kömək etmək vədlərinə əməl etmədilər”, - deyə baş katib vurğulayıb.

Bununla yanaşı, alyansın rəhbəri Vaşinqtonun Ukraynaya hərbi yardımı çox uzun müddət gecikdirməsinə xüsusi diqqət çəkib: “Ölkədə problemlər var idi - hakimiyyət yeni dəstək paketi ilə bağlı konsensusa gələ bilmirdi. Bu zaman Avropa ölkələri Kiyevin problemlərindən uzaqlaşıblar. Onlar nəzərdə tutulduğundan daha az avadanlıq çatdırıblar”.

Yens Stoltenberq əmindir ki, bu cür hərəkətlərin mənfi nəticələri var. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb.

MEDVEDEV: RUSİYANIN AKTİVLƏRLƏ BAĞLI QANUNA CAVABI SƏRT OLACAQ

“Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanuna cavabı asimmetrik, lakin sərt olacaq”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın bu ölkə aktivlərinin müsadirəsi haqqında qanununa münasibət bildirərkən bəyan edib.

Eyni zamanda, bildirilir ki, Dmitri Medvedev qeyri-dost ölkələrdən əcnəbi şəxslərin aktivlərinin müsadirəsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib.

“Cavab yalnız assimetrik ola bilər. Səbəb aydındır - bizdə mühüm sayda ABŞ-a məxsus dövlət əmlakı, o cümlədən pul vəsaiti və digər aktivlər yoxdur”, - deyə sədr müavini vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə müsadirəsi haqqında qanun layihəsi qəbul edib. Qanun layihəsi bu yaxınlarda Senatda müzakirəyə çıxarılacaq.

ABŞ-DA AFROAMERİKALI POLİSİN ZORAKILIĞI NƏTİCƏSİNDƏ ÖLÜB

ABŞ-ın Ohayo ştatında 53 yaşlı Frank Taysonun polis tərəfindən saxlanılarkən zorakılığa məruz qalması, əlləri arxadan qandallı olduğu halda asayiş keşikçiləri tərəfindən boğularaq öldüyü məlum olub. Bu barədə “Report” agentliyi “CBS” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, aprelin 18-də Ohayo ştatının Kanton şəhərində yol qəzası törədib, qaçdığı iddia edilən afroamerikalının polis zorakılığı nəticəsində ölməsinin görüntüləri ictimaiyyətə açıqlanıb.

Xəbər verilir ki, polisin dizi ilə boğazını sıxdığı, üzü üstü yerə uzanmış, əlləri qandallı olan afroamerikalının bir neçə dəfə “nəfəs ala bilmirəm” deməsi kameraya düşüb.

Hadisəyə müdaxilə edən polis əmək

daşlarının kameralarından lentə alınan görüntülər sosial mediada sürətlə yayılıb, olay 2020-ci ildə polis zorakılığı nəticəsində dünyasını dəyişmiş afroamerikalı Corc Floydun ölümü ilə müqayisə olunub.

RUSİYA İLƏ UKRAYNA ARASINDA SÜLHƏ MANE OLAN ƏSAS MƏQAMLAR

Rusiya ilə Ukrayna arasında 2022-ci ildə imzalanması gözlənilən sülh müqaviləsinə rəsmi Kiyevin neytrallıq prinsiplərini qəbul etməməsi mane olub. Bu barədə Almaniyanın “Die Welt” nəşrində dərc olunan maqalədə qeyd tlbkbh.

Məqalə müəllifinin əldə etdiyi sənədlərdə göstərilir ki, tərəflər yekun anlaşmanın bir neçə müddəası üzrə razılıq əldə etsə də, bəzi məsələlər ətrafındakı fikir ayrılıqları konsensusa imkan verməyib.

Bununla yanaşı, məqalədə rəsmi Kiyevin neytrallıq, nüvə silahından və NATO da daxil olmaqla, hərbi ittifaqlara qoşulmaqdan imtina, eləcə də üçüncü ölkələrin hərbi birləşmələrinin ölkə ərazisinə buraxılmaması barədə öhdəlik götürməkdən imtina etdiyi vurğulanıb.

Eyni zamanda, bildirilir ki, hər iki dövlət Donetsk və Luqanskın Rusiyaya verilməsi, Krım və Sevastopolun isə təhlükəsizlik zəmanətindən məhrum edilməsini də razılaşdırıb.

Qeyd edilir ki, bütün bunlarla yanaşı, prezidentlər qoşunların çıxarılması, Ukrayna ordusunda şəxsi heyətin sayının 85 min nəfər müəyyən olunması kimi məsələlərdə də razılıq əldə edə bilməyiblər.

ALMANİYA ORDUSUNDA ƏSGƏR ÇATIŞMAZLIĞI MÜŞAHİDƏ OLUNUR

Almaniya ordusunda hazırda ciddi əsgər çatışmazlığı müşahidə olunur. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Bundesverin Ehtiyatda Olan Hərbçilər Assosiasiyasının prezidenti Patrik Zensburq bu ölkədə fövqəladə hadisə baş verəcəyi təqdirdə neçə əsgərə ehtiyac olacağını araşdırıb.

Açıqlamaya əsasən, A.Zensburqun tərtib etdiyi analitik materiala görə, Almaniyanın müdafiəsi üçün 800 min əsgərə ehtiyac var. Hazırda Bundesverdə cəmi 200 min həqiqi xidmət keçən hərbi qulluqçunun olduğunu qeyd edən assosiasiya prezidenti qeyd edib ki, ehtiyat əsgərlərin çatışmazlığını kompensasiya etmək üçün 900 min vətəndaş tibbi yoxlamadan keçməlidir.

Bundesverin tərk-silah edilməsindən uzun illər sonra Almaniya yenidən müharibəyə hazır olmaq niyyətindədir. Bu ölkənin müdafiə naziri Boris Pistorius bu yaxınlarda “Yeni dövrün Bundesveri”nin yaradılması üzrə planlarını elan edib.

Məlumata görə, hazırkı məqamda orduda cəmi 34,6 min ehtiyatda olan əsgər xidmət edir. Bu, kəskin fövqəladə vəziyyətlər də nəzərə alınmazsa, cari ehtiyaclar üçün çox azdır. Hazırda Almaniya ordusunda 60 min ehtiyatda olan hərbçiyə tələbat var və onlar müntəzəm hərbi təlimlər keçməlidir.

“CROCUS CITY HALL”DAKI TERROR AKTI İLƏ BAĞLI DAHA BİR ŞÜBHƏLİ HƏBS EDİLİB

“Crocus City Hall”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib. “Trend” agentliyinin xəbərinə görə, ticarət mərkəzində törədilən terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi - Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonov saxlanılıb.

Məlumata əsasən, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.

Qeyd edək ki, konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.