“Avroviziya 2024
Mədəniyyət

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

“Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək FAHREE və İlkin Dövlətovun ifasında səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib.

Bu barədə "Respublika"ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Klipdə sevgi vasitəsilə qaranlıqdan qurtulmuş, sevginin gücü ilə ətrafa nur saçan insanın (FAHREE) və onun səsi ilə sədalaşan kainatın, həyatın (İlkin Dövlətov) səsinin birləşməsi təsvir olunur. Mahnıdakı müasir musiqi və ənənəvi muğamın sintezi insanın və dünyanın sevgi vasitəsilə birləşməsinin metaforası kimi təqdim edilir.

Avroviziyanın rəsmi yutub hesabında təqdim olunan bu musiqili video həm də təmsilçilərimizin İsveçin Malmö şəhərində mayın 7-də göstərəcəyi performansın birinci hissəsidir. Mahnının ötürdüyü “yalnız sevgi olan yerdə həyat var”, “sevməyi bacaran insan kainatın, bəşəriyyətin, təbiətin, əcdadlarının səsini duymağa qadirdir” mesajı klipin süjetində də, səhnə quruluşunda da əksini tapır.

Klip Azərbaycanın tarixi və mədəni irsi olan Qobustanda çəkilib. Klipin rejissoru, ukraynalı Yevgeni Timoxin daha öncə də Azərbaycanda işləyib - o, İctimai Televiziyada yayımlanan “Maska” verilişinin musiqili səhnələrinin quruluşçu rejissoru olub. Qeyd edək ki, Yevgeni Timoxin bu klipin çəkiliş heyətində yeganə xarici peşəkardır. Klipin ərsəyə gəlməsində iştirak edən komanda tam olaraq yerli mütəxəssislərdən ibarətdir.