“Dəyişməkdə olan iqlim şəraitində təhlükəsiz və sağlam əməyi təmin edək
Digər xəbərlər

“Dəyişməkdə olan iqlim şəraitində təhlükəsiz və sağlam əməyi təmin edək"

1989-cu il aprelin 28-də Amerika və Kanadanın bir qrup fəhlə və qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olmuşdu. Həmin vaxtdan 28 aprel həlak olan işçiləri anma günü kimi qeyd edilir. Lakin daha sonra bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstəklənərək 2003-cü ildə Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. Bunun məqsədi insan amilinə verilən dəyərin təcəssümü kimi istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

Bütün dünyada hər il təxminən minlərlə insan istehsal qəzasının və peşə xəstəliyinin qurbanı olur. Beynəlxalq Əmək Təşkilatının (BƏT) statistikasına görə, hər il təxminən 2.3 milyon kişi və qadın iş qəzaları və ya peşə xəstəlikləri səbəbindən dünyasını dəyişir. Bu, hər gün orta hesabla 6000 insan deməkdir. BƏT-in məlumatlarında qeyd olunur ki, işçilər arasında ən yüksək ölüm peşə xəstəliklərindən qaynaqlanır və zərərli maddələr bir çox insanın ölümünə səbəb olur. Həmçinin inşaat sənayesində qəzaların digər sahələrə nisbətən yüksək səviyyədə olması da müşahidə olunur.

Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olub. Ötən dövrdə onun 58 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul edib, 2023-cü ilin fevral ayında isə "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" Konvensiyasını ratifikasiya edib.

İnsan amilinin uca tutulduğu ölkələrdən biri də Azərbaycandır. Dövlət siyasətinin prioritetləri arasında işçinin hüquqlarının qorunması və əməyinin mühafizəsi məsələləri də yer alır. 1999-cu ildə əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı - Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul edilib. Sözügedən məcəllədə işəgötürən və işçilərin əmək münasibətləri və əməyin mühafizəsi üzrə hüquqları, vəzifələri və öhdəlikləri öz əksini tapıb. Qanunvericilik aktı ildən-ilə daha da təkmilləşdirilib. Əmək şəraiti yaxşılaşdırılır, əməyin mühafizəsi və istehsalat mədəniyyətinin yüksədilməsi istiqamətində lazımi tədbirlər görülür. Ölkə başçımız İlham Əliyev vətəndaşların hüquqlarının təminatına xüsusi diqqət göstərir. Azərbaycanda əməyin qiymətləndirilməsi, qorunması, işçinin təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı beynəlxalq normalar tətbiq olunur. Belə ki, bütün bunlar həm də milli mentalitet və dini dəyərlərimizin təcəssümü kimi özünü əks etdirir.

Ölkəmizdə əməyin mühafizəsinə dair bir çox maarifləndirici tədbirlər keçirilir, işçilər əməyin mühafizəsi, texniki, elektrik və yanğın təhlükəsizliyi qaydalarına, ətraf mühitin mühafizəsi və digər normativ-hüquqi sənədlərin əsasında formalaşmış qaydalara əməl etməyə çağırılır. Həmçinin qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrində əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.

Ötən il ölkə başçımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin yaradılması ilə bağlı müvafiq fərman verib. Mərkəz işəgötürənlərə sınaq, sertifikasiya, standartlar, əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmət göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir. Bədbəxt hadisələrin qarşısının alınması istiqamətində fəaliyyət göstərmək mərkəzin missiyalarından biridir.

Bütün sahələrdə olduğu kimi, əmək fəaliyyəti sahəsində də hüquqi prinsiplər daim üstün tutulur. Bu prinsiplər isə hər bir işçinin sağlamlığı, həyatı üçün normal iş şəraiti yaradılmasını tələb edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan olunub və builki Ümumdünya Əməyin Mühafizəsi Günü "Dəyişməkdə olan iqlim şəraitində təhlükəsiz və sağlam əməyi təmin edək!" devizi ilə keçirilir.

Röya RÜSTƏMLİ,

"Respublika".