Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı artır
Region

Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı artır

GÖYGÖL

Göygöl rayonunda "2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr" barədə hesabat yığıncağı keçirilmişdir. Nailiyyətlərə nəzər salınmış, 2024-cü ildə görüləcək önəmli məsələlər ətraflı müzakirə edilmiş, konkret qərarlar qəbul olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlərdən, nəhəng layihələrin icra olunmasından, davamlı innovativ inkişafdan və tərəqqidən ətraflı söhbət açmışdır.

Hesabat məruzəsində qeyd edilib ki, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Rayon üzrə 2023-cü ildə ümumi məhsul buraxılışı 5,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə kənd təsərrüfatı məhsulu 2,0 dəfə artmışdır. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 2023-cü ildə 107 layihə üzrə sahibkarlara 2965000,0 manat güzəştli kredit verilmiş və 38 yeni iş yeri açılmışdır. Cari il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 69454,0 min manat təşkil etmişdir ki, onun da 47706,3 min manatı heyvandarlıq, 21747,7 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq sahəsində məhsul istehsalı 6,2% (sabit qiymətlərlə) artmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə rayona turizm səfərləri etmiş şəxslərin sayı 29127 nəfər (34,7%) artmışdır. Rayon ərazisində təbii qazdan istifadə edən abonentlərin qaz təminatının yaxşılaşdırılması üçün Quşqara, Molllacəlilli, Almədətli kəndləri, Hacıməlik və Qızılqaya qəsəbələrinə, Göygöl şəhərinin Bayraq meydanı adlanan ərazisinə və Qarabağ məhəlləsinə qaz xətti çəkilmişdir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkədə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik İli" ilə bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Cari ildə və qarşıdakı illərdə də başlıca məqsəd ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf modelinə uyğun Göygöl rayonunun iqtisadi potensialının gücləndirilməsi yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, əhalinin sosial rifahının yüksəldilməsinə, nail olmaqdır. Sonda, rayonun ictimai həyatında yüksək fəallığına görə bir qrup fəal mükafatlandırılıb. Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.

Zabit XƏLİLOV,

"Respublika".