Qərbin dəstəyi regionda gərginliyi artırır
Siyasət

Qərbin dəstəyi regionda gərginliyi artırır

İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə 30 il torpaqlarını işğal altında saxlayan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycan regionun lider dövlətinə çevrildi. Ötən il sentyabrın 19-20-də keçirilən birgünlük antiterror tədbirləri isə dövlətimiz bütün ərazilərində suverenliyini təmin etdi.

Azərbaycanın Ermənistan üzərində qələbəsi, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi işğalçı dövlətdən daha çox onun himayədarlarını narahat etdi. Bu, anti-Azərbaycan meyillərinin güclənməsində, əsassız, qərəzli ittihamların səsləndirilməsində, hətta ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi tələblərinin irəli sürülməsində öz əksini tapdı. Ərazilərində heç bir müharibə aparılmayan, qonşu dövlətin torpaqlarını zəbt edərək vətəndaşlarını insanlıq adına sığmayan faciələrə, qətliamlara məruz qoyan Ermənistanın arxasında dayanan qüvvələr Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edə bilmirlər. Daha Cənubi Qafqaza müdaxilə edə, öz maraqlarına uyğun siyasət yürüdə bilməyəcəklərini anlayan Qərb bloku Ermənistana siyasi, iqtisadi, maliyyə və ən əsası isə hərbi dəstəyini gücləndirməklə bu ölkə vasitəsilə öz məqsədlərinə çatmaq üçün məkrli planları işə saldılar. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh sazişinin imzalanmasına mane olmaq bu planın əsas tərkib hissəsi idi.

İkinci Qarabağ müharibəsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Qərbin bu planı hələ də öz qüvvəsini itirməyib. Belə ki, iki ölkə arasında əmin-amanlığın, sülhün təmin olunması üçün tarixi fürsətin yarandığı hər məqamda regiondan uzaq ölkələr hər vasitə ilə buna mane olmağa, Cənubi Qafqazda gərginliyin davam etməsinə çalışırlar. Çox təəssüf ki, müstəqil siyasət yürüdə bilməyən, qeyri-konstruktiv mövqe nümayiş etdirən, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini qəsdən uzadan, bir sözlə, sülhə yaxınlaşmayan Ermənistanın sayəsində istədiklərinə qismən nail olurlar. Regionda təhlükəsizliyin, xalqların birgəyaşayışının tərəfdarı olan Azərbaycanın sülh təklifini dəyərləndirməyən qarşı tərəf Qərbin fitvasına gedərək yenidən müharibə törətməyə sövq edilir. Lakin himayədarları tərəfindən silahlandırılan, hərbi-texniki dəstək alan Ermənistan anlamaq istəmir ki, 44 günlük müharibə və birgünlük antiterror tədbirləri zamanı qarşısında diz çökdüyü Azərbaycanın heç bir dövlətdən nə asılılığı, nə də çəkinəcəyi var. Dünyanın ən güclü orduları sırasında qərarlaşan rəşadətli silahlı qüvvələrə sahib olan müstəqil Azərbaycan öz ərazi bütövlüyünü qorumaq, prinsipial və qətiyyətli mövqeyi ilə Qərbin planları alt-üst etmək gücündədir. Bunu dost da bilir, düşmən də.

Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən, Cənubi Qafqazı geosiyasi münaqişələr meydanına çevirmək və bundan öz məqsədləri üçün istifadə etmək istəyən ABŞ, Avropa İttifaqı, ümumiyyətlə, Qərb bloku Ermənistan vasitəsilə regionda öz maraqlarını həyata keçirməyə çalışır. Bir müddət əvvəl sülh sazişinin imzalanmasının vacibliyini vurğulayan, son zamanlar isə Qərbin dəstəyi ilə prosesin irəliləməsinə süni maneələr yaradan, yeni müharibəyə sövq edilən Ermənistan isə bu "dostluqdan", "tərəfdaşlıqdan" cürətlənib. Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaradır, fortifikasiya qurğuları inşa edir, sərhədboyu qoşun toplayır.

Sülhdən dəm vuran, sülh sazişini imzalamağa hazır olduğunu bildirən, lakin hələ də Konstitusiyasında Azərbaycanın tarixi ərazilərinə iddia edən Ermənistanın heç bir vaxt sözü ilə əməli üst-üstə düşməyib. Belə ki, illər öncə hələ Birinci Qarabağ müharibəsi dövründə atəşkəsin bərqərar olmasına imza atsa da, 30 il boyunca terror, təxribat əməllərinə ara verməyən düşmən ölkə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra imzaladığı təslimolma aktına əsasən üzərinə götürdüyü öhdəliklərə də əməl etmir. Bu gün də düşmən ölkə üçtərəfli Bəyanatın müddəalarına əsasən kommunikasiyaların bərpa olunmasına, bunun fonunda Zəngəzur dəhlizinin açılmasına imkan vermir. 44 günlük müharibədən ibrət dərsi çıxarmayan Ermənistan Azərbaycanı antiterror tədbirləri keçirməyə vadar etdi. 8 kəndimizi hələ də işğal altında saxlayan Ermənistanın görünür, "dərsini yaxşı qavramayan şagird" kimi təkrara ehtiyacı var. Amma bu bir reallıqdır ki, Azərbaycan bu dəfə də dərs vermək məcburiyyətində qalsa, Ermənistan bunu var olduğu müddətdə heç bir zaman unuda bilməyəcək. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı atdığı hər bir addımda qarşısında gündən-günə güclənən, qüdrətlənən Azərbaycan görəcək. Odur ki, hələ nə qədər ki, gec deyil, istər üç, dörd... neçə tərəfli olur-olsun "konfrans"larda himayədarları ilə yaxşı-yaxşı məsləhətləşməli, təkrar dərsə ehtiyacın olub-olmadığını dəqiqləşdirməlidir. Çünki Qərbin Ermənistanı dəstəkləyən siyasəti Cənubi Qafqazda regional sabitliyə deyil, gərginliyin pik həddə çatmasına, münaqişənin yenidən qızışmasına hesablanıb.

Mehparə ƏLİYEVA,

"Respublika".