Hayastanın diplomatik masada növbəti uğursuzluğu
Siyasət

Hayastanın diplomatik masada növbəti uğursuzluğu

Paşinyan hakimiyyətinin rəsmi Bakıya qarşı qurduğu planın əvvəlki mərhələləri kimi, son etapı da uğursuz oldu, hətta Ermənistan üçün biabırçı nəticələrlə yekunlaşdı. Belə ki, rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana sarsıdıcı zərbə vurmaq niyyətində olsa da xəyalları puç oldu.

Uzun müddət sülh danışıqlarında məğlub ölkə durumunda olan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Laçın postunun ləğvi ilə bağlı məsələnin müzakirəsinə nail olmaqla, bu vəziyyəti dəyişməyə can atdı. Rəsmi İrəvanın müraciəti ilə keçirilən BMT Təhlükəsizlik Şurasında Paşinyan hakimiyyəti qarşıya qoyduğu hədəflərə çata bilmədi. Ermənistanın gözləntilərinin əksinə olaraq, Şurada heç bir qərar və ya qətnamə qəbul olunmadı. Bu isə o deməkdir ki, Azərbaycana qarşı hər hansı tələb irəli sürülməyib, öhdəlik müəyyən olunmayıb. Halbuki, erməni siyasi dairələri müzakirələr ərəfəsində rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında qəbul ediləcək qərarı icra etmək məcburiyyətində qalacağını iddia edirdilər. ''Ermənistan müzakirələr zamanı ardıcıl olaraq, sarsıdıcı siyasi zərbələrə məruz qaldı. Belə ki, əksər dövlətlərin təmsilçiləri "Dağlıq Qarabağ" deyil, Qarabağ ifadəsindən istifadə etdilər. Bu isə erməni siyasi terminologiyasının ən nüfuzlu beynəlxalq platformada öz əhəmiyyətini itirməsi anlamına gəlir. Daha bir önəmli məqam isə Ermənistanın iddialarının əksinə olaraq, Laçın postunun ləğvi ilə bağlı tələbə verilən reaksiya oldu. Çünki Laçın yolundan istifadənin vacibliyi vurğulansa da, Laçın postunun ləğvi tələb edilmədi. Üstəlik, Laçın yolu barədə danışılarkən, bir sıra ölkələrin təmsilçiləri açıq şəkildə Ağdam-Xankəndi marşrutunun önəmli olduğunu da vurğuladılar. Bu isə rəsmi İrəvanın xoşuna gəlməyən bir məqam oldu". Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib. O deyib: "Ağdam-Xankəndi yolu ilə bağlı Azərbaycanın təklifləri beynəlxalq məkanda pozitiv və proqressiv variant kimi qəbul edilir. Yəni rəsmi Bakı bu variantı beynəlxalq gündəmə çıxartmağa artıq nail olub. Paşinyan hakimiyyətinin bu variantdan imtina etməsi bundan sonra çox çətin olacaq və hətta Ermənistanın əleyhinə çevriləcək faktor rolunu oynayacaq. Və bu da Azərbaycan diplomatiyasının böyük uğurudur. Bütün bunlar onu göstərir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Ermənistanın tam məğlubiyyətilə nəticələnib. Bu müzakirələri belə izah etmək olar ki, Ermənistan BMT Təhlükəsizlik Şurasından "Qarabağ Azərbaycandır" mesajını aldı. Üstəlik, Ermənistan həm də dolayısı ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ölkə durumuna da düşmüş oldu. Bundan sonrakı proseslərdə rəsmi İrəvan daha ağır şərtlərlə barışmaq məcburiyyətində qalacaq''.

Y.Karauz deyib ki, böyük ehtimalla Laçın yolu ilə bağlı mövzu artıq bitdi. Ermənistan həmin yoldan istifadə edə bilməyəcək. Ağdam-Xankəndi yolundan istifadə isə indi qaçılmaz xarakter daşıyır.  Bu yol erməniləri yalnız Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətinə aparacaq. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün Azərbaycan dövləti Konstitusiya çərçivəsində bütün zəruri şərtləri təmin etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bu, bütün regionda sülhə, sabitliyə nail olmağın ən vacib elementlərindən biridir.  Lakin keçmişdən qopa bilməmək, tarixin yaşatdığı dərslərdən  nəticə çıxarmamaq artıq Ermənistan siyasi elitasının vərdişinə çevrilib.

General sonda qeyd edib ki, Ermənistan öz siyasətini bu cür davam etdirsə, ikinci "dəmir yumruğ"u görəcək: "Bir daha təkrar edirəm, əgər bu qış gələnə qədər Ermənistan tərəfi yol xəritəsi təqdim etməsə, Qərb Ermənistanın törətdiyi bu ədalətsiz və qanunsuz fəaliyyətinə son qoymasa, Azərbaycan antiterror əməliyyatları ilə əli qanlı silahlı dəstələrə son qoymalıdır.  Onlar yadda saxlamalıdırlar ki, "dəmir yumruq" havadadır. Bir gün o, qəflətən düşmənin başına enəcək. Ermənistan özünü çətinə salır. Azərbaycanı günahkar çıxarmaq üçün əlindən gələni edir. Bunlar hamısı bildiyimiz, başımıza gələn hadisələrdir. Sevindirici hal burasındadır ki, artıq dünyanın Azərbaycanın haqlı olduğuna inandığını gördük".

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.