İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Cüdoçumuz dördqat Avropa çempionu olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 73 kiloqramda çıxış edən idmançı finalda rəqibini məğlub edərək, çempion tituluna yiyələnib. Bununla da Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb. O, bundan əvvəl 2017-2022 və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb. Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edib.

Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb. İki gün davam edən yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" klubu, "Neftçi" idman klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı medallar uğrunda mübarizə aparıb. Gimnastlar balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayıblar. Çempionatın sonunda balacalar (2009-2018-ci il), uşaqlar (2008-2013-cü il), yeniyetmələr (2006-2012-ci il), gənclər (2005-2010-cu il) və böyüklər (2009-cu il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.

Gimnastımız gümüş medal qazanıb

İtaliyanın Rimini şəhərində keçirilən kişi idman gimnastikası üzrə Avropa çempionatında idmançımız ölkəmizi uğurla təmsil edib. Millimizin üzvü Nikita Simonov halqalarla hərəkətin icrasında gümüş medal qazanıb.

Şahmatçılar arasında yeddinci tur keçirilib

Qadın şahmatçılar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib. Bu raundda Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Bu raunda qədər məğlubiyyəti olmayan Ülviyyə Fətəliyeva Gövhər Beydullayevaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda aktivində 6,5 xalı olan Ülviyyə Fətəliyeva liderdir. Gövhər Beydullayeva isə 5,5 xalla beşinci pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan şahmatçıları yeddinci turu ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə başa vurublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".