BİR ƏSR OXUCULARIN XİDMƏTİNDƏ
Region

BİR ƏSR OXUCULARIN XİDMƏTİNDƏ

Masallıda ilk kitabxananın yaradılmasından 100 il keçir. 1924-cü ildə Muzdurlar Komitəsinin təşəbbüsü ilə rayonda ilk dəfə kitabxana təşkil olunub. Komitə üzvlərindən Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Kamil Filatov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı şəxslərdən toplanmış 250 nüsxə kitab şəhərin ticarət sırası adlanan mərkəzi hissəsində kiçik bir otaqda yerləşdirilib. Kitabxanaya Qulamhüseyn Məmmədov və Kamil Filatov rəhbərlik edib.

1930-cu ildə kitabxana Cavad bəyin evinə köçürülərək dövlət büdcəsi hesabına fəaliyyət göstərib. 1934-cü ildə rayonda mərkəzi kitabxana təşkil olunub. 1978-ci ildə rayonun ərazisində olan kitabxanalar vahid sistem halında birləşdirilib. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialı fəaliyyət göstərir.

Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılmasının 100 illiyi rayonda mədəniyyət bayramı kimi qeyd olunub. Yubiley tədbirində rayon icra hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, yerli yazarlar, media və ictimaiyyətin nümayəndələri, çoxsaylı oxucular iştirak ediblər.

Mərkəzi kitabxananın həyəti bayramsayağı bəzədilib. Kitablardan və yerli rəssamların əsərlərindən, xalq sənəti nümunələrindən ibarət sərgi təşkil olunub.

Tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktor əvəzi Zamin Məmmədov bu müqəddəs ocağın keçdiyi şanlı tarixi yoldan söhbət açıb və bildirib ki, bir əsr bundan qabaq 250 nüsxə kitab fondu və 15 oxucu ilə fəaliyyətə başlayan kitabxananın hazırda kitab fondu 265137 nüsxə, oxucuların sayı isə 33198 nəfərdir.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov ümummilli lider Heydər Əliyevin kitabxanaları xalqımızın mədəniyyətini nümayiş etdirən müqəddəs ocaq, mənəviyyat, bilik, zəka mənbəyi adlandırdığını, kitabxanaçıların əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin kitabxanaların fəaliyyətinə misilsiz qayğı göstərdiyini, bu sahənin inkişafına xüsusi diqqət ayırdığını bildirərək rayonun kitabxana işçilərinə bayram təbriklərini, xoş arzularını söyləyib.

Tədbirdə çıxış edənlər milli sərvətimiz olan kitabxanaların cəmiyyətimizin mənəvi inkişafında, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində rolundan danışıblar. Kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları kimi dəyərləndirərək əlamətdar bayram münasibətilə onlara səmimi təbriklərini çatdırıblar.

Kitabxananın kollektivinə yubiley hədiyyələri, kitabxana işçilərindən və fəal oxuculardan bir qrupuna Fəxri fərman və Təşəkkürnamələr təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".