VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

21 aprel

  • Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.

22 aprel

  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib.
  • Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Müttəfiq ölkələrin yeni əməkdaşlıq perspektivləri dünyaya nümunədir

Aprelin 22-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ikitərəfli münasibətlərin, regional inkişafın yeni mərhələyə qədəm qoymasını göstərir. Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının önəmi diqqət mərkəzində olub.

Beynəlxalq məkanda Qərb bloku ilə Rusiya arasındakı çəkişmələrə paralel olaraq ölkəmizin balanslı siyasi xətti bütün dünya üçün nümunədir. Məlumdur ki, Azərbaycan təkcə enerji sahəsində deyil, bir çox aspektlərdə Avropanın etibarlı tərəfdaşıdır. Məhz dövlət başçısının yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin hər iki qütbə qarşılıqlı hörmət münasibətləri çərçivəsində yanaşması olduqca vacibdir.

23 aprel

  • ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib.
  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

24 aprel

  • Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Türk ailəsi güclənir

Ötən il diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edən Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. 1993-cü il yanvarın 19-da qurulan əlaqələr bu gün şaxələndirilmiş əməkdaşlıq fonunda davam edir. Sahib olduğumuz eyni dil, din, qardaşlıq, dostluq əlaqələri və oxşar tarixlə yanaşı, dünyada formalaşan yeni geosiyasi maraqlar iki ölkəni bir-birinə yaxınlaşdırır. Baş tutan səfər Qırğızıstan prezidentinin Azərbaycana ikinci dövlət səfəridir. Ötən ilin noyabr ayında da cənab Sadır Japarov Azərbaycanda olmuşdu. Amma budəfəki səfər həm də Dövlətlərarası Şuranın iclasının keçirilməsi ilə əlamətdardır. Artıq Şuranın ikinci iclası keçirilir. Bu kimi səfərlər ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini təmin edir. Ölkələr arasında iqtisadi, humanitar və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Digər tərəfdən, Qarabağda yenidənqurma işlərinə Qırğızıstanın dəstəyi ölkələr arasında münasibətləri dərinləşdirir. Qırğız xalqı 2020-ci ilin Vətən müharibəsi zamanı da bütün Mərkəzi Asiya dövlətləri kimi haqlı mübarizəmizi izləyir, ölkəmizin uğurlarına bizim qədər sevinirdi.

  • COP29 sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb.
  • Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

25 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar səfər edib.
  • Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib.

26 aprel

  • Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
  • Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb.

Azərbaycan və Almaniya əməkdaşlığın inkişafına önəm verir

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yürütdüyü çoxvektorlu və balanslaşdırılmış siyasət nəticəsində müxtəlif region dövlətləri ilə möhkəm siyasi və iqtisadi əlaqələrə malikdir. Son illər respublikamızın qazandığı uğurlar onu regional aktordan beynəlxalq strateji tərəfdaşa çevirib. Almaniya həm də Cənubi Qafqazda baş verən hadisələri izləyən, onu təhlil edən ölkələrdən biridir. Qeyd edək ki, bu günə qədər bir çox siyasi mərkəzlər Bakı və İrəvan arasındakı danışıqlara moderatorluq etsə də bir müddət sonra qeyri-konstruktiv yanaşma sərgiləyib və bunun əsasında öz vasitəçilik missiyasına kölgə salıb. Lakin Almaniya digər Qərb dövlətlərindən fərqli olaraq Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh və dialoq çərçivəsində inkişafına maraqlı olduğunu bəyan edib və prosesləri yeni reallıqlar çərçivəsində qiymətləndirib.

Azərbaycanın "Petersberq Dialoqu"nda iştirakı təsadüfi sayıla bilməz. Məlum olduğu kimi, bu il ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bir göstəricisidir.

  • Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib.

27 aprel

  • ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb.
  • Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

“Respublika”.