SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Yeni nəslin nümayəndələri niyə tez qocalır?

Son dövrlər "Z" adlandırılan yeni nəslin (1997-2012-ci il təvəllüdlü insanlara aid edilir) sürətlə qocalması ilə bağlı iddialar geniş müzakirə olunur. Araşdırmalar göstərir ki, müasir gənclər əvvəlki nəsillərə nisbətən daha tez qocalır və onlar arasında xərçəng xəstəlikləri artır. Bəs bunun səbəbi nədir?

Elm adamları bu iddiaları təsdiqləyən açıqlamalar veriblər. Məsələn, Onkoloji Beynəlxalq Elmi Konfransda gündəmə gələn bir araşdırma müəyyən xərçəng növləri (xüsusilə ağciyər, mədə-bağırsaq və uşaqlıq yolu xərçəngi) diaqnozu qoyulmuş gənclərdəki vəziyyətin elmi ictimaiyyətdə "sürətli qocalma" kimi təsvir edilən halla əlaqəli olduğunu göstərir. Sadə dillə desək, gənclərin bioloji yaşı faktiki yaşlarından əhəmiyyətli dərəcədə böyükdür. Ona görə də hüceyrə səviyyəsində yaşlılıq əlamətləri müəyyən xəstəliklərə daha erkən tutulmaq riskini artırır. Bu o deməkdir ki, 1997-2012-ci illər arasında anadan olan və hazırda gənclik dövrünü yaşayan Z nəslinin nümayəndələri öz valideynlərinə (nənə və ya babalarına) nisbətən daha erkən mərhələdə xərçəng kimi ölümcül xəstəliklərə tutula bilərlər.

Mütəxəssislər bunun səbəbini genetika, həyat tərzi, qidalanma və ətraf mühit amilləri ilə əlaqələndirirlər. Bir çox araşdırmalar göstərir ki, müasir həyatın sürəti və qeyri-müəyyənliyi, "fast food" qidalara daha çox üstünlük vermək, ekran başında həddindən artıq zaman keçirmək, təbiətdən uzaqda yaşamaq qocalığı sürətləndirir.

Onun əlacı günəbaxan tumudur

Amerikalı elm adamları son zamanlar getdikcə cavanlaşan Alzheimer xəstəliyinin çarəsini tapıblar. Tədqiqatçılar müəyyən ediblər ki, günəbaxan tumu bu xəstəliyin qarşısını alır.

Məlumat üçün qeyd edək ki, Alzheimer demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən nevroloji xəstəlikdir. Beyin hüceyrələrinin məhv olması ilə nəticələnən bu xəstəlik zamanı yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur.

Araşdırmalar göstərib ki, günəbaxan tumu E vitamini ilə zəngin olduğundan beynin yaddaşla bağlı bölgəsini stimullaşdırır, unutqanlığı aradan qaldırır. Həmçinin antioksidant təsiri olan bu vitamin sərbəst radikalların dağıdıcı təsirlərini aradan qaldırır, hüceyrələri məhv olmaqdan qoruyur. Günəbaxan tumunun başqa bir üstünlüyü isə stresin fəsadlarını aradan qaldırmasıdır. Bu isə onun tərkibindəki tiaminin serotoninin hasilatını artırması ilə bağlıdır.

Meyvə şirələrindəki təhlükə

Amerikalı elm adamları paketlənmiş meyvə şirələrinin tərkibində "mışyak" kimi tanıdığımz mərgümüş (bir çox mineralların tərkibində olan zəhərli kimyəvi element) aşkar ediblər.

Tədqiqat zamanı 50 faiz içkinin tərkibində sözügedən təhlükəli metalın miqdarının normadan 2 dəfə çox olduğu müəyyən edilib. Əslində, bu, heç də təəccüblü deyil. Çünki bundan öncə alimlər qurğuşun və mərgümüşü uşaq qidaları və pürelərində də tapmışdılar. Araşdırmalar göstərib ki, gündə yarım fincan belə şirə içən azyaşlıların qanında zamanla mərgümüşün miqdarı artır. Bu o deməkdir ki, müasir uşaqlar hər gün bu metalın təsirinə məruz qalırlar. Mərgümüş uşaq orqanizmi üçün çox təhlükəlidir, çünki bu dövrdə beynin və sinir sisteminin inkişafı gedir.

Alimlər istehsalçılara qida məhsullarının tərkibindəki qurğuşun və mərgümüşü minimuma endirməyi tövsiyə edirlər. Amma bu da həmin məhsulların bahalaşmasına gətirib çıxara bilər. Qeyd edək ki, bu maddəyə hətta içməli suların tərkibində də rast gəlinir.

Bu xəstəlik bağırsaq xərçəngi riski ilə əlaqəli imiş

ABŞ-ın Fred Xatçinson adına Xərçəng Xəstəliyi Araşdırma Mərkəzinin alimləri parodontal xəstəlik zamanı ağızda çox rast gəlinən "Fusobacterium nucleatum" (F. nucleatum) bakteriyasının bağırsaqlarda şişlərin böyüməsini stimullaşdıra biləcəyini aşkar ediblər.

"Nature" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqat zamanı parodontal xəstəlikləri olan insanların ağız mikrobiomunun (bütün mikroorqanizmlərin məcmusu) tərkibi - diş əti iltihabı və bağırsaq xərçəngi təhlil edilib. Məlum olub ki, diş əti xəstəliyi olan insanlarda rast gəlinən "fusobacterium nucleatum" bakteriyası bəzi növ bağırsaq xərçəngi şişlərində də var. "Fna" adlanan spesifik "F.Nucleatum" ştammına ən çox bədxassəli şişlərdə rast gəlinir.

Alimlər daha dərin araşdırmadan sonra iki növ "Fna" müəyyən ediblər. Lakin yalnız bir növ "Fna C2", yoğun bağırsaq xərçəngi ilə əlaqələndirilib. Siçanlar üzərində aparılan əlavə təcrübələr göstərib ki, gəmiricilərin "Fna C2" ilə yoluxması onlarda bu xəstəliyin inkişafına səbəb olur. Tədqiqatçılar sözügedən bakteriyanın həzm sistemində inkişaf edə və xüsusi (hələ öyrənilməmiş) mexanizmlərdən istifadə edərək şişin böyüməsini stimullaşdıra biləcəyini güman edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".