Ömür keçir, əməl qalır...
Digər xəbərlər

Ömür keçir, əməl qalır...

Hər insan bir ömür yaşayır. Dəyərli alim Yusif Zeynalov bu ömrü yaxşı əməlləri ilə naxışlandıranlardan olub. Həyatı boyu alnıaçıq, savab əməlli bir şəxsiyyət kimi xeyirxahlığı ilə seçilən ziyalılarımızın cərgəsində yer alıb.

Yusif müəllimin adını ilk dəfə kimyaçı alim professor Rövşən Xasayoğlundan eşitdim. 2007-ci ilin mart ayında Qaziantepə gələndə məni qarşılayıb Konservatoriyanın ozamankı müdiri Fəxri Çepiklə tanış etdi. Daha sonra işlədiyi universitetdəki biologiya fakültəsinə apardı. Birlikdə çalışdığı müəllimlərlə, yetirdiyi aspirantlarla tanış oldum. Hörmət-izzət sahibi olduğunu yəqin etdim. Daha sonrakı dönəmlərdə o, Qaziantep Böyükşəhər Bələdiyyə başqanı Asim Gözəlbəyin dəvəti ilə həmin qurumda məsləhətçi vəzifəsinə təyin olundu. Bu şəhərdə ilk dəfə Botanika bağının qurulması da Yusif müəllimə həvalə olundu. "Çörəyi ver çörəkçiyə, birini də üstəlik" demişlər. Asim bəy Yusif müəllimin nəyə qadir olduğunu bildiyi üçün bu vəzifəni ona həvalə etmişdi. O, gecə-gündüz çalışaraq qısa zamanda gözəl iş ortaya çıxardı.

Valiliyin nümayəndələri ilə birlikdə Qaziantep Böyükşəhər Bələdiyyəsində Botanika bağının açılışını Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan etdi. Belə bir bağı yaratdığı üçün Y.Zeynalova öz təşəkkürünü bildirərək Türkiyənin ən gözəl Botanika bağı olduğunu qeyd etdi. Botanika bağının Qaziantepdə istifadəyə verilməsi ilə Yusif müəllimin adı bu şəhərin mədəniyyət tarixində yerini almış oldu. Min bir çeşid çiçəkdən ibarət, zəngin bitkilərlə əhatələnən bu "Cənnət bağı"nın sədası qısa zaman kəsiyində Suriyaya da gedib çıxdı. Bu səbəbdən də Azərbaycanımızın iftixarı olan Yusif müəllimi Hələb şəhərinə dəvət etdilər. İkincisinin də Hələbdə qurulmasını istədilər. Bu təklif onun elminə, biliyinə, zəngin təcrübəsinə hörmət və ehtiramın nişanəsi idi. "Ərəb baharı" adlı "qara kabus" bu xoş məramın yerinə yetirilməsinə mane oldu.

Qaziantep Botanika bağını Avropanın müxtəlif ölkələrindən gələn çox sayda ziyarətçilər də seyr edir. Böyükşəhər Bələdiyyəsində və Botanika bağının müdiri vəzifəsində çalışdığı dönəmdə, 2008-ci ildə Böyükşəhər Bələdiyyə başqanı Asim Gözəlbəyin təklifi əsasında 2 cildlik "Qaziantep çiçəkləri" adlı kitabı nəşr olundu. Bir müddət sonra "İlac bitkiləri" adlı kitab da Yusif bəyin əməyi sayəsində işıq üzü gördü.

Bu nəfis kitab elm aləminə təqdim olunduqdan sonra Türkiyədə əks-səda doğurdu. Yusif Zeynalovla dostluq əlaqələri də bundan sonra yarandı. 2009-cu ildə Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasına magistr bölümünü açmaq üçün dəvət aldıqdan sonra da hər iki müqtədir alimin yaradıcılıq əlaqələri dostluq müstəvisində davam etdi. O, Qaziantepin ətraf ərazilərini, kənar çevrəsindəki dağların, yal-yamacların flora və faunasını öyrənmək və elmə məlum olmayan yeni bitki örtüyünü kəşf etmək məqsədilə mütəmadi olaraq tələbələrlə birgə ekskursiyalara gedirdi.

Qaziantepin zəngin bitki örtüyünü araşdırmaq məqsədilə bu şəhərin 10 kilometr yaxınlığında yerləşən "Aktoprak" adlı kiçik qəsəbəyə də getmiş, dağlarda, bağlarda olan bitkilər barədə məlumat toplamışdı. Bir gün mənə dedi: "İlqar müəllim, yeni çiçək növləri axtara-axtara "Aktoprak" qəsəbəsində İmadəddin Nəsiminin mübarək məzarının olduğunu kəşf etdim". Bu yeni məlumata heyrətimi gizlədə bilmədim. 10 sentyabr 2010-cu ildə böyük alimimiz Osmanoğlunun avtomobili ilə dünyəvi şairimiz Nəsiminin uyuduğu məkana getdik. Qarşımızdakı türbənin divarında şairin şeirindən poetik nümunələr həkk edilmişdi.

Yusif Zeynalov bir müddət İğdır Universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirdi. Bu diyarın bitki örtüyünü, flora-faunasını tədqiq etmək məqsədilə Ağrı dağında da tədqiqatlar apardı. Nəticədə "Nuhun çiçəkləri" və "Ağrı Dağının florası" (Mete Türkoğlu ilə birgə) adlı kitablar hasilə gəldi.

İlqar İMAMVERDİYEV,

sənətşünaslıq elmləri doktoru,

Qaziantep Universiteti Türk Musiqisi

Dövlət Konservatoriyasının professoru.