MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Maysur Sarayı

Tac Mahaldan sonra Hindistanın ən məşhur və dəbdəbəli memarlıq abidəsi Maysur Sarayı Karnataka əyalətinin Maysur şəhərində inşa olunub. Amba Vilas kimi də tanınan tarixi saray 1897-ci ildə Maharacaların Vodeyar sülaləsi üçün tikilib. Həmin vaxtdan 1947-ci ilə qədər bölgə hökmdarlarının iqamətgahı olub. Saray hind, fars və Avropa memarlığının elementlərini özündə birləşdirən Hind-Sarasen üslubunda dizayn edilib. Abidənin layihəsini ingilis memar Henri İrvin hazırlayıb.

Boz qranit və çəhrayı mərmərdən tikilən saray iki mərtəbədən ibarətdir. Sarayda Şiva, Vişnu, Lakşmiramana, Someşvara, Varaha kimi tanrıların şərəfinə 12 məbəd ucalır. Abidənin interyerini freskalar, xalçalar, kristallar, mərmər və güzgülər bəzəyir. Saray daxilindəki ən məşhur otaqlardan biri Güzgülər zalıdır ki, burada sonsuzluq effekti yaradan 80-dən çox lampa var. Sarayın birinci və ikinci mərtəbələrini birləşdirən Pilləkən zalı hind mifologiyasının müxtəlif səhnələrini əks etdirən bir neçə otaqdan ibarətdir. Taxt zalı isə sarayın daxilindəki ən əzəmətli otaqlardan biridir, burada Maysur hökmdarları rəsmi mərasimlər və qəbullar keçirirdi. Hər il sentyabr-oktyabr aylarında sarayda xeyrin şər üzərində qələbəsini simvolizə edən Daşar festivalı keçirilir.

Omsk Dövlət Musiqi Teatrı

Omsk Dövlət Musiqi Teatrının tarixi 1947-ci ildən başlayır. 1200 yerlik yeni teatr binasının layihəsinin müəllifləri D.E.Lurie, N.N.Stuzhin, məşhur aktyor Aleksandr Şirvindtin həyat yoldaşı N.N.Belousova, mühəndisləri V.A.Vişloquzov, Yu.A.Fridman olmuşdur. Teatrın interyeri rəssam-dizayner Viktor Desyatov və memar Albert Kərimov tərəfindən tərtib edilmişdir. O zamanlar şəhərin tarixi mərkəzində tikilən ultramüasir teatr binasının inşası yerli əhali arasında ziddiyyətli fikirlər doğurmuşdu. Onlar "tramplin" şəklində dizayn edilən bu binanın ətrafdakı tikililərlə dissonansa girdiyini bildirirdilər. Binanı musiqi alətinə, yelkənli gəmiyə, kosmik gəmiyə də bənzədənlər var idi. Bəziləri isə teatrın arxitekturasını yüksək qiymətləndirir və bu qeyri-adi formalı damın diqqəti cəlb etdiyini söyləyirdilər.

Əyləncə obyektlərinin tikintisinə qadağa qoyulan zaman tikinti işləri donduruldu. 2001-ci illərin əvvəllərində teatrda əsaslı yenidənqurma işləri aparıldı, binanın bünövrəsi bərkidildi, kommunikasiya sistemi dəyişdirildi, fasad və dam örtüyü yeniləndi. Teatrda həmçinin əlil tamaşaçılar üçün xüsusi giriş qapıları açıldı. Teatr müasir videomüşahidə və yanğınsöndürmə sistemləri ilə də təchiz edildi. Avstriya, İsrail və Yaponiya şirkətlərinin iştirakı ilə işıq və səs avadanlıqları müasirləşdirildi, səs və videoçəkiliş studiyaları yaradıldı.

Vajdahunyand Qalası

Budapeşt şəhərinin Varosliget parkında 1896-1908-ci illərdə Vajdahunyand Qalası inşa olunub. Romanesk, Qotika, Renessans və Barokko üslublarının elektik qarışığı olan əzəmətli qalanın memarı İqnaz Alpar olub. Açılış mərasimi Avstriya imperatoru və Macarıstan kralı Frans İosifin rəhbərliyi altında keçirilib. Qala Macarıstan dövlətçiliyinin 1000 illiyi şərəfinə tikilən attraksionlar siyahısına daxil edilib. Qəsrin tikintisində ağac, fanerka və kağızdan istifadə olunub. Memar öz layihəsinə Macarıstanın 21 məşhur binasının, o cümlədən Şeqesvara qalası, Brasovun Katalina qalasının qülləsi, Jacdakı kilsə və bir sıra başqa məbəd və qalaların elementlərini daxil edib.

Vajdahunyad qəsrinin divarlarında Macarıstan incəsənətində İntibah dövrünün başlanğıcını qoyan kral Matiasın və Araqon şahzadəsi Beatrisin təsvir olunduğu gözəl barelyeflər var. Qalanın həyətində məşhur "Gesta Hungarorum" salnaməsinin naməlum müəllifi Anonimin heykəli ucalır. Dünyanın hər yerindən gələn turistlər heykəli görmək və salnaməçinin qələminə toxunmaq üçün qalaya axın edir. Qalanın yanında memar İqnaz Alparın da abidəsi var. Vajdahunyad qalasında Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərir. Burada Ovçuluq kuboklarının möhtəşəm kolleksiyası sərgilənir.

Hazırladı: Arzu ASİFQIZI,

"Respublika".