Böyük ədibin xeyriyyəçi xanımı
Mədəniyyət

Böyük ədibin xeyriyyəçi xanımı

6 may Azərbaycanın ilk maarifçi qadını Hənifə Məlikova-Zərdabinin doğum günüdür

Hənifə Məlikova 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Tiflisdə "Müqəddəs Nina" qızlar gimnaziyasında təhsil alıb. Həmin dövrdə müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə hesab edilirdi. H.Məlikova 16 il həyat yoldaşı ilə birlikdə Zərdabda nəzarət altında yaşayıb.

Həsən bəy Zərdabinin ən böyük arzusu təhsilli və müasir fikirli xanımla ailə qurmaq olub. O, Tiflisdə olarkən qəzetlərin birində qızlar gimnaziyasının məzun buraxılışı haqqında yazı oxuyur və bu, Həsən bəyin diqqətini çəkir. Yazının müəllifi Hənifə Məlikova idi. Gimnaziyaya yollanaraq direktor ilə görüşən H.Zərdabi gəlişinin məqsədini və məramını bildirir. Məktəbin direktoru Hənifə xanımı yanına çağırır və onu Həsən bəylə tanış edir. Üçü bir yerdə ətraflı söhbət etdikdən sonra oradan birlikdə məscidə gedir, kəbin kəsdirirlər. Beləliklə, mədəniyyət tariximizdə əhəmiyyətli rola malik bir ailənin əsası qoyulur.

Sədaqəti və dəyanəti ilə çoxlarının rəğbətini qazanan Hənifə xanım ailəsinin yolunda fədakarlıq göstərərək, Həsən bəy Zərdabinin təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. "Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır" deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi var idi. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etməklə yanaşı, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb. Hətta onlar 1880-ci ildə öz mənzillərində pulsuz məktəb açaraq, dövrün cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm-savad öyrətmişlər. Həsən bəy Zərdabi öz mənzilində pansionat da açmışdı. O,  hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək gimnaziyaya daxil olmaq üçün hazırlaşdırmış və bu işdə də Hənifə xanım ona böyük dayaq olmuşdu. Məhz Hənifə Məlikovanın belə cəsarəti və mərdliyi Azərbaycan qadınlarının taleyində bu gün də mühüm rol oynayır.

Həsən bəy Zərdabinin həyat yoldaşı həmin dövrdə "Nicat" Cəmiyyətinin, "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri olur. H.Məlikova, həmçinin Bakıda ilk müsəlman qızlar məktəbinin yaradılmasının təşəbbüsçüsü və təşkilatçısı idi.

Xatırladaq ki, sözügedən məktəb böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə açılıb. 1901-1905-ci illərdə isə Hənifə xanım məktəbin müdiri vəzifəsini icra edir. Yeri gəlmişkən, Bakıda Müsəlman Qız Məktəbinin açılması Həsən bəyin ən böyük arzularından idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir maneəyə çevrilmişdi. Çünki həmin dövrdə savadlı müsəlman qadın demək olar ki, yox idi. Həmçinin məktəbə şagirdlərin cəlb edilməsi də çətin proses idi. Heç bir ailə qızını məktəbə göndərməyə cəsarət etmirdi. Edənləri isə qaragüruh cəzalandırırdı. Məsələn, İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürmüşdülər. Belə bir cəhalət mühitində Hənifə xanım kimi ziyalıların işə başlaması böyük cəsarət tələb edirdi. Amma Hənifə xanım qorxmadan qız məktəbində müdir işləməyə razı olmuş və burada təhsil alan qızların mənəvi anasına çevrilmişdi. Məhz Hənifə xanımın sayəsində Bakı Müsəlman Qız məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı kimi nüfuz qazanmışdı. Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi Qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə reallaşmışdısa, onun inkişafı, layiqli qadın ziyalılar yetirməsi Hənifə xanımın zəhməti hesabına başa gəlmişdi... Hənifə Məlikova daha sonra 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbində müdir vəzifəsində işləyir. Onun maarifçilik fəaliyyəti qısa zamanda Cənubi Qafqaza yayılır. Hənifə Zərdabinin həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçib. Amma o, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsini davam etdirib. Hənifə xanım bu haqda yazırdı: "Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır".

Hənifə Məlikova 1929-cu ildə Bakıda vəfat edib. Əvvəlcə şəhər qəbiristanlığında dəfn edilən maarifçi qadının cənazəsi sonralar həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına - Fəxri xiyabana köçürülüb.

Nəzrin ELDARQIZI,

"Respublika".