NOVRUZ – YENİ GÜN BAYRAMI
Mədəniyyət

NOVRUZ – YENİ GÜN BAYRAMI

Fransız mütəfəkkiri Jan Jak Russonun bir fikri var: “Məhz bayramlar və açıq səmada keçirilən tamaşalar xalqa öz səadətinin şirin duyğularını verə bilər”. Çox dəqiq deyilmiş bir kəlamdır. Xalqın elliklə küçə və meydanlarda qeyd etdiyi şən-liklərdə hər bir fərd özünü böyük toplumun zərrəsi, parçası kimi hiss etmək imkanı qazanır. Hər kəsin sevinci bir-birinə qovuşaraq böyük şadyanalıq yaradır, ümumi ahəngə çevrilir. Havada xoş bir aura dolaşır. İnsanların qəlbi qürurla dolur. Belə bayramlar gənclərdə vətənpərvərlik hissinin güclənməsinə rəvac verir. İnsanlar öz müsbət emosiyalarını rəqs və oyunlarda, müxtəlif mərasim və yarışlarda ifadə edirlər. 

Gecə ilə gündüzün bərabərləşdiyi anda Günəş qoç bürcünə daxil olur. Buna quzu bürcü də demişlər və ərəbcə həməl adlanır. Klassik şairlərimiz Novruzdan bəhs edərkən bu məqamı da nəzərdən qaçırmamış, şeirlərində qeyd etmişlər. Ana dilli poeziyamızın ilk nümayəndələrdən biri olan Qazi Bürhanəddin yazır:

Tolu ayax ver, ey saqi, zira novruz çağıdır,

Sərəfdədür həməldə şəmsə, ayağ onun ayağıdır.

Novruzun tarixinə dair müxtəlif fikirlər vardır. Onu Zərdüştliklə bağlayanlar da olub, İslam dini ilə əlaqələndirənlər də. Həqiqət isə ondan ibarətdir ki, bu bayram hər iki dindən əvvəl mövcud olmuş və dini təsəvvürlə deyil, təbiətlə bağlı, zaman və fəsil anlayışları, əkinçilik həyatı, bolluq və firavanlıq arzularıyla əlaqədardır. Bu zaman coğrafi və iqlim faktorlarını da nəzərdən qaçırmaq olmaz. İnsanlar soyuq, kasad, cansıxıcı qışdan qurtularaq ruzi-bərəkət, xoş günlər vəd edən yazın gəlişinə sevinmiş, onun pişvazına oyun və nəğmələrlə, ayin və rəqslərlə, bayram əhvali-ruhiyyəsi ilə çıxmışlar.

Məlumdur ki, hər bir yeni din özündən əvvəlki inam və etiqadları məhv etməyə, onlara qadağa qoymağa çalışır. Bunu bacardıqda isə onları özününküləşdirməyə cəhd göstərir. Xalqın təfəkkürünə, məişətinə dərin nüfuz etmiş Novruzu sarsıda, unutdura bilməyən Zərdüştlik bu mərasimlərə öz atributlarını da əlavə edərək onun daha təmtəraqlı keçirilməsinə öz payını vermişdir. Bəzən Novruzu Həzrət Əlinin (ə.) taxta çıxdığı gün kimi qələmə verirlər. Əlinin taxta çıxmasının həmin günə təsadüf etməsi mümkündür, lakin tarixi mənbələr bu bayramın İslamdan çox-çox əvvəl qeyd olunduğunu sübut edir. İslamla bağlı dini mərasim və bayramlar hər il yerini dəyişir, yəni 10 gün geriyə çəkilir. Bu minvalla məhərrəm ayının 10-cu günü olan aşura, yaxud Ramazan və Qurban bayramları ayrı-ayrı aylara, hətta müxtəlif fəsillərə də düşə bilər. Halbuki Novruz bayramı hər il mart ayının 20-21-nə - gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edir. Tarixi mənbələrdə Novruz haqqında maraqlı məlumatlar qorunub saxlanılmışdır. Məsələn, XI əsr ərəb tarixçisi Əbu-Reyhan Əl-Birununin “Qədim xalqlardan qalmış yadigarlar”, “Qanuni-məsudi”, “Əl-təfhim”, “Asar əl baqiyyə” əsərləri, yenə həmin əsr ərəb müəllifi Nizamülmülkün “Siyasətnamə” kitabı belə qaynaqlardandır. Həmin kitabda yazılır ki, Əcəm hökmdarları (yəni ərəb olmayanlar) Mehrqan və Novruz günlərində xalq üçün qəbul düzəldər, o gün heç kəsi həbs etdirməzdilər. Bir neçə gün əvvəl carçı xalqı həmin günə hazırlaşmağa çağırardı. Şah xalqın ərizələrini oxuyardı. Orada şahın özündən şikayət olardısa, o, durub taxtdan düşər, tacını başından götürər, qazilər qazisinin önündə diz çökərək deyərmiş: “Bu kişi ilə mənim məsələmi ayırd elə, heç nədən çəkinmə və üzgördülük etmə. Yoxsa mənim də günahlarım sənin boynunda qalacaq. Allah yanında şah günahından daha böyük bir günah ola bilməz. Çünki şahın vəzifəsi rəiyyəti saxlamaq, onların haqqını qorumaqdan ibarətdir”. Sonra qazi hökm çıxarardı. Əgər şikayətçi haqlı idisə, iş onun xeyrinə həll edilərdi. Əks halda, ölkə hökmdarına, əsassız olaraq eyib tutan şəxsə ən ağır cəza verilərdi. III əsr Sasani hökmdarı Ərdəşirdən VII əsr Yəzdəgirdə qədər belə olmuşdur.

Bu əhvalatda adıçəkilən Mehrqan mehr ayının 6-na, sentyabrın 21-22-nə təsadüf edən payız gecə-gündüz bərabərliyi günü, Novruz isə yaz gecə-gündüz bə-rabərliyi dövrüdür. Əhvalatdan belə bəlli olur ki, bu günlər həm də haqqın-ədalətin öz yerini tutduğu müqəddəs gün kimi təsəvvür olunmuşdur.

Novruz bayramı dəqiq elmi və astronomik əsaslara malikdir. Müəyyən olunmuşdur ki, Yer oxu Günəş ətrafında dolandığı orbitə 66 dərəcə 33 dəqiqə meyillidir. Bu ox yerini özünə paralel şəkildə dəyişdirir. Odur ki, il ərzində növbə ilə gah şimal, gah da cənub ucu, yəni yerin bir-birinə əks olan qütbləri Günəşə tərəf meyilli olur. Günəş növbə ilə Yerin gah Şimal, gah da Cənub yarımkürəsini daha çox qızdırır. Buna görə də Şimal yarımkürəsində yaz olanda Cənub yarımkürəsində payız olur və əksinə, Günəşin mərkəzi ekleptika boyunca Cənub yarımkürəsindən Şimala keçir. Bu, martın 20-21-nə təsadüf edir. Bu zaman Günəş yaz gecə-gündüz bərabərliyi nöqtəsində olur.

İlin bu və ya digər heyvan üstündə təhvil olmasına gəlincə isə deməliyik ki, XV əsr özbək astronomu Uluqbəy yaz gecə-gündüz bərabərləşməsi vaxtını, yəni 24 saatlıq sutkanı hərəsi 2 saat olmaqla 12 yerə bölmüş və müxtəlif heyvan adları ilə adlandırmışdır. Günəş yaz gecə-gündüz bərabərliyi nöqtəsindən hansı tarixdə keçirsə, il o saata uyğun heyvan üstündə təhvil olur. Mahmud Kaşğari “Divani-lüğət-it-Türk” əsərində illərin heyvan adları daşımasını başqa bir əhvalatla bağlayır. Lakin bu, bir rəvayətdir və elmi əsası yoxdur. Heyvanların sırası belədir: siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it, donuz.

Bir çox şair və yazıçılarımız öz əsərlərində Novruzu vəsf etmiş, bu və ya digər münasibətlə əziz bayramımızın adını çəkmişlər. Onlar bəzən hadisələrin baş verdiyi zamanı göstərmək üçün, bəzən də müəyyən obrazların, təzad və müqayisələrin yaradılmasında bir vasitə kimi Novruza müraciət etmişlər. Ə.Xaqani, Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani, M.F.Axundov öz əsərlərində Novruzu tərənnüm etmişlər:

Dünyanın qəribə oyunları var;

Dünya görməmisən, nə fayda, ey yar!

Baharın var, bugün ye meyvəsindən,

Hər gün Novruz olmaz, məgər bilmirsən?

(Nizami Gəncəvi. “Xosrov və Şirin”)

Bayramınız mübarək! Novruzun ayağı sayalı, xalqımıza düşərli olsun. Hamı-mıza xoşbəxtlik, firavanlıq gətirsin.

Almara Nəbiyeva,

“Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru.