Mərkəzi Seçki Komissiyasında görüşlər
Siyasət

Mərkəzi Seçki Komissiyasında görüşlər

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri əvvəlcə Türkiyənin son prezident seçkilərində dünyaya demokratiya dərsi verdiyini və qardaş ölkədə keçirilən seçkilərin Azərbaycanda həmişə diqqətdə izlənildiyini bildirib.

Sonra Məzahir Pənahov qonaqlara seçki prosesi barədə məlumat verib. O, ölkəmizdə medianın müstəqil olduğunu və seçki prosesini izləmək üçün onlara lazımi şəraitin yaradıldığını deyib.

MSK-nın sədri seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini, onlardan 790-nın beynəlxalq müşahidəçi olduğunu, 3 təşkilatın isə "exit-poll" aparmaq üçün qeydiyyata alındığını diqqətə çatdırıb.

Türkiyə Yüksek Seçim Kurulunun sədri Ahmet Yener səhər saatlarından etibarən məntəqələrdə yüksək seçici fəallığının müşahidə edildiyini bildirib. O, seçkiyə bu dərəcədə marağın olmasını çox sevindirici hal kimi qiymətləndirib.

A.Yener məntəqə seçki komissiyalarının üzvlərinin yaxşı fəaliyyət göstərdiklərini, hər kəsin öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini vurğulayıb.

O diqqətə çatdırıb ki, seçki prosesi şəffaf şəkildə həyata keçirilir. Məntəqələrdə seçici fəallığı çox yüksəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Məzahir Pənahov Azərbaycanla Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

O, qonaqlara seçki prosesi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə seçicilər və müşahidəçilər üçün bütün şərait yaradılıb.

Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyata alındığını deyən M.Pənahov üç təşkilatın "exit-poll" keçirdiyini bildirib.

Özbəkistan nümayəndə heyətinin Azərbaycanda çox səmimi qarşılandığını qeyd edən Zayniddin Nizamxodjayev ölkələrimiz arasında sıx əlaqələrinin olduğunu, hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri qurduqlarını bildirib.

O, Azərbaycanda seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurduqlarını, müşahidələrinə əsasən, seçkilərdə xüsusilə də gənclərin daha fəal şəkildə iştirak etdiklərini bildirib. "Hər şey şəffaf və qaydalara uyğun şəkildə həyata keçirilir. Ümid edirik ki, Azərbaycan xalqı gələcək inkişafı naminə ən yaxşı namizədinə səs verəcək", - deyə o əlavə edib.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri Nagy Atilla Mihalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov əvvəlcə qonaqlara Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər barədə məlumat verib.

Bildirib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad edib, 2023-cü ildə isə lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tam bərpa edib. Seçkilərin ilk dəfədir bütöv Azərbaycan ərazisində keçirildiyini diqqətə çatdıran MSK-nın sədri ölkədə 6,5 milyon seçicinin olduğunu və onların 6537 məntəqədə səs verdiklərini deyib. O, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

Macarıstan Mərkəzi Seçki Komissiyasının sədri dəvətə görə minnətdarlığını bildirib, seçki prosesini sona qədər fəal şəkildə müşahidə edəcəklərini diqqətə çatdırıb.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 7-də Türkmənistan və Tacikistan Mərkəzi Seçki komissiyalarının rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Məzahir Pənahov ölkəmizdə keçirilən növbədənkənar seçkilər barədə məlumat verib. Bildirib ki, seçkilərdə səsvermə üçün 6537 seçki məntəqəsi yaradılıb. Vətəndaşların siyasi iradələrini sərbəst şəkildə ifadə etmək, həmçinin səsvermənin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Budəfəki seçkilərin tarixi əhəmiyyət daşıdığını, ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirildiyini vurğulayan MSK-nın sədri işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin yaradıldığını qonaqların diqqətinı çatdırıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Qulmurat Muratov Azərbaycanda seçkilərin şəffaf şəkildə keçirildiyini, seçicilərin rahat və təhlükəsiz şəraitdə səs vermələri üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

O, seçkilərdə bütün yaş kateqoriyalarından olan vətəndaşların iştirakını müşahidə etdiklərini söyləyib.

Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Baxtiyor Xudoyorzoda da öz növbəsində seçkilərin şəffaf şəkildə keçirildiyini, seçki prosesində müasir texniki avadanlıqlardan istifadə edildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb.

Bildirilib ki, ilk dəfədir seçkilər bütöv Azərbaycan ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb.

M.Pənahov qeyd edib ki, seçkilərlə əlaqədar ümumilikdə 6537 məntəqə yaradılıb.

MSK rəhbəri, həmçinin seçkilərdə 7 namizədin iştirak etdiyini, onlardan 5-nin siyasi partiya təmsilçisi olduğunu xatırladıb. Deyib ki, seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydə alınıb.

Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.