Hicran Hüseynova: Ailədaxili zorakılıq hallarının əksəriyyəti hüquq-mühafizə orqanlarına məlum olmur
Gündəm

Hicran Hüseynova: Ailədaxili zorakılıq hallarının əksəriyyəti hüquq-mühafizə orqanlarına məlum olmur

Bizi narahat edən vacib məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Bununla bağlı illik məlumatda geniş təhlil və təkliflər verilib. Hamımız bilirik ki, ölkəmizdə bir çox səbəblərdən ailədaxili zorakılıq hallarının mütləq əksəriyyəti latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bu isə ağır cinayət hadisələri ilə nəticələnir.

"Respublika" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Həmin sənəddən irəli gələn əsas vəzifələrdən biri də “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təkmilləşdirilməsidir. Düşünürəm ki, yardım mərkəzlərinin sayının artması, müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac vardır. Biz dövlət büdcəsinin müzakirəsi zamanı da bu məsələlərə toxunmuşuq. Çox yaxşı haldır ki, ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsait ildən-ilə artır. Gələn ilin dövlət büdcəsində də kifayət qədər artım var. Bu isə yerlərdə aparılan işlərin daha da gücləndirilməsinə imkan yaradacaq. Biz çox gözəl qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”, - deyə komitə sədri vurğulayıb.