BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub
Gündəm

BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb.

Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına öz töhfəsini verib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması üçün  beynəlxalq səylərin artırılmasına çağırıb. Təəssüf ki, 30 ilə yaxın işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməyib.

Sentyabrın 29-u Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında qeyd edib: "Səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT - Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək". Sentyabr ayında gündəlik mətbuat konfransında BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksəkvəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edəcək. OSHA-nın texniki qrupu (Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Risklərin İdarə Edilməsi) və BMT agentliklərinin nümayəndəsi də missiyanın bir hissəsi olacaq. S.Dujarrik Azərbaycan tərəfinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşdığını, bölgədə beynəlxalq insan hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu deyib: "Missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq. Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək".

Bu barədə  hüquq elmləri doktoru, professor Əfsər Sadıqov bildirir ki, BMT missiyasının uzun müddət Azərbaycanda olmamasının təqsirkarı onların özləridir: "Xüsusən də Rusiyanın və Fransanın bu missiyanı bloklaması ilə əlaqələndirilməlidir. Amma indi həmin dövlətlərin mövqeyinin zəifləməsi Azərbaycana imkan verir ki, BMT ilə tam şəffaf formada əməkdaşlıq həyata keçirsin. Burada Azərbaycanın suverenliyi təmin olunur və bu istiqamətdə də Azərbaycan öz fəaliyyətini davam etdirəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".