Bakıda
Gündəm

Bakıda "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfrans noyabrın 21-də işini panel müzakirələrlə davam etdirib. Konfrans çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti oxunub.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Sonra çıxış edən "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun Fransanın müstəmləkə siyasətindən və bu siyasətdən əziyyət çəkən insanların hüquqlarının pozulmasından danışıb. O deyib: "Azərbaycan qadına azadlığı hələ əsrlər bundan əvvəl verib. Fransaya isə bu, 5 əsr sonra gəlib. Biliklərin dekolonizasiyası qadınların dövlətin, ictimaiyyətin həyatına müsbət təsirini göstərməkdədir. İnanıram ki, Bakı konfransı bu istiqamətdə öz töhfəsini verəcək.

Fransa bütün dünyanı gəzərək öz bayrağını asmağa çalışıb və çətin şəraitdə yaşayan xalqları öz əsarətində saxlayıb. Bu müstəmləkəçilik siyasəti əsrlərdir davam edir. Fransa 1958-ci ildə Əlcəzairdə qadınları bir araya yığaraq çadralarını atmalarını dedi. Amma bu, "azadlıq" adı altında bir hiylə idi.

Azərbaycan gender bərabərliyi mövzusunda örnəkdir. Bu ölkədə qadınlar kişilərlə birgə çiyin-çiyinə çalışır", - deyə o əlavə edib.

Korsikada qadınların hüquqlarının pozulduğunu diqqətə çatdıran Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol bu adada qadınların ağır formada zorakılığa məruz qaldıqlarını qeyd edib.

Seneqal "YDNA VITA" LTD təşkilatının rəhbəri olan İbrahima Diagne müstəmləkəçiliyin insanları tam təcrid etmək olduğunu bildirib. O bildirib ki, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır.

"Fransa qardaşlıqdan, bərabərlikdən, azadlıqdan danışır, amma bu hüquqların kimin üçün olduğunu anlamır. Çünki tarix də sübut edir ki, bu ölkəmin müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlarımız həmişə ayrı-seçkiliyə məruz qalıblar", - deyə Qvadelupanın Beynəlxalq Reparasiya Hərəkatının Birinci vitse-prezidenti Viktorin Cinna iclas iştirakçılarının diqqətinə çatdırıb.

Fransanın öz maraqlarından çıxış edərək Afrika ölkələrini istismar altında saxladığını vurğulayan nümayəndə qitə ölkələrini müstəmləkəçilik siyasətinə qarşı birliyə, həmrəyliyə çağırıb.

Digər çıxış edənlər də müstəmləkəçilik siyasətinə qarşı mübarizənin vacibliyini bildirib, səyləri birləşdirməyə çağırış ediblər. Qeyd olunub ki, özünü dünyada humanist, demokratik ölkə kimi qələmə verən Fransa XXI əsrdə müstəmləkəçilik siyasəti yürütməkdə davam edir və buna son qoyulmalıdır.

"Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda iclasdan sonra fləşmob nümayiş etdirilib. Fləşmob çərçivəsində Fransa yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən Hərəkata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir