Şərqin qapısı Naxçıvan tarixi proseslərin mərkəzində
Gündəm

Şərqin qapısı Naxçıvan tarixi proseslərin mərkəzində

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu tarixi səfər bir daha təsdiq edir ki, Türkiyə hər zaman olduğu kimi, indiki həssas və mürəkkəb dönəmdə də Azərbaycanın yanındadır, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə Prezidentinin Naxçıvana səfəri, dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirakı mühüm əhəmiyyət kəsb edir.

Türkiyə ölkəmizin lokal antiterror tədbirlərinə kəskin dəstək bildirib. "Bu, Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir", - deyən Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı qeyd edib ki, separatçıların "prezident seçkiləri"ni keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə "hələ də davam edən bir prosesi alovlandırırlar" kimi baxırdı. Bu arada təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib ki, biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi. Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Qeyd edək ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri, onların mühüm qərarları Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırır.

Türk xalqlarının inteqrasiyasının sürətlənməsində, bu birliyə nail olunmasında Azərbaycanın, Naxçıvanın adının xüsusi keçməsi çox böyük əhəmiyyətə malikdir. Çünki Türk dünyasını birləşdirən, bir-birinə yaxın edən şəhər kimi Naxçıvanın rolu böyükdür. Naxçıvan Muxtar Respublikasının yerləşdiyi coğrafi ərazi tarix boyu özünün strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Hələ qədim dövrlərdən bəri bu diyarı "Şərqin qapısı" adlandırırdılar. İndi də belə tanınır. Əsası məhz Naxçıvanda qoyulan indiki Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci il noyabrın 1-də yaradılıb. Sözsüz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanın evsahibliyi ilə yaradılması tariximizdə mühüm bir mərhələnin başlanğıcını xarakterizə edir. Təşkilat yaradılarkən adı "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)" olub. Türk Şurasının VII Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuranın yaradılması tarixinə xüsusi diqqət çəkib: "2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi Türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir". 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.

Beynəlxalq siyasi şərhçilər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın verilməsini və bu qərardan dolayı bir sıra addımların atılmasını münasibətlərin inkişafında yeni mərhələ adlandırmışlar. Regionda və dünyada baş verən böhran, Rusiya-Ukrayna müharibəsi, ABŞ və Qərbin Rusiyaya qarşı məlum sanksiyaları, qlobal ziddiyyətlər fonunda türkdilli dövlətlərin münasibətlərini şaxələndirmələri, qarşılıqlı müqavilələrlə strateji tərəfdaş statusu qazanmaları bölgədə yeni reallıqlar yaradır. Türk dövlətlərinin Türkiyə ilə birgə xarici siyasət yürütmələri həmin ölkələrin qarşısında geniş imkanlar açır. Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri çərçivəsində Ankarada Qazaxıstan ilə Türkiyə arasında 15 saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Qeyd edək ki, bundan öncə Türkiyə Qırğızıstanla da analoji saziş imzalayıb. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması türkdilli dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə adladığını söyləməyə əsas verir. Türk dövlətlərinin inteqrasiyasında Naxçıvan mərhələsi bütün Türk dünyasına yeni nəfəs verdi.

Azərbaycanla Türkiyə əməkdaşlığının bu günə qədər ən böyük nəticəsi Türk coğrafiyasında əməkdaşlıq potensialının daha da güclənməsi ilə xarakterizə edilir. Müasir dünya düzəni göstərir ki, bu qardaşlıq və müttəfiqlik Türk birliyinin möhkəmlənməsinə gətirib çıxarmaqla yanaşı, bu coğrafiyanın strateji mənzərəsini müsbət şəkildə dəyişdirməyə xidmət edir. Regionun strateji mənzərəsi həm İkinci Qarabağ müharibəsi, həm də Gürcüstanın cəlb edilməsi ilə layihələrin həyata keçirilməsi fonunda daha əsaslı şəkildə dəyişməyə başlayıb. Bu əməkdaşlıq regiona təhlükəsizlik, sülh və rifah gətirir. Hazırkı qlobal sistemdə mədəni, iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin inkişafı ilə regional müttəfiqlərin artması həm də Türk dünyasının inteqrasiyasına fərqli strateji məna verir. Türkiyə ilə birlikdə münasibətlərimiz getdikcə dərinləşir. Xüsusilə Şuşa Bəyannaməsindən sonra Türk Dövlətləri Təşkilatı və Türkiyə-Azərbaycan birliyini də çox önəmli, dünya nizamına təsir edəcək bir addımdır.

Mustafa KAMAL,

"Respublika".