Orta Dəhliz və ortaq maraqlar
İqtisadiyyat

Orta Dəhliz və ortaq maraqlar

"Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillərlə yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə gördüyü işlər də vacibdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Ötən illər ərzində  Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur, o cümlədən yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Ölkəmiz, həmçinin Şərqlə Qərb arasında çox önəmli körpü rolu oynayır və böyük nəqliyyat potensialına malikdir. 

Eyni zamanda Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası da, həmçinin türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir. Uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal dəhliz olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Orta Dəhliz tarixi İpək Yolunun ən mühüm komponentlərindən biridir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən Cənubi Qafqazda maraqları olan digər dövlətlərin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Nəzərə almalıyıq ki, Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsidir.

Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Bu da iki qitə arasında ticarətdə Azərbaycana ciddi dividendlər verir ki, siyasi məsələlərdə də həmin üstünlüklərdən istifadə etmək mümkündür. Orta Dəhlizin önəminin biri də ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən layihədə uğur əldə etmək üçün bu, başlıca şərtlərdən biridir. Azərbaycanın qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Bu isə yeni imkanlar vəd edir.

Orta Dəhliz, eyni zamanda Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından Trans-Xəzər əməkdaşlığının inkişafına mühüm töhfə verir. Bununla yanaşı, Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları gücləndi. Belə ki, iqtisadi cəhətdən səmərəliliyi də artdı.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Hazırda Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır. Bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Röya RÜSTƏMLİ,

"Respublika".