Əlverişli İnvestisiya məkanı
İqtisadiyyat

Əlverişli İnvestisiya məkanı

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində hüquqi, siyasi və iqtisadi tədbirlərin görülməsi sahibkarlığın fəaliyyəti üçün həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı regional inkişaf strategiyasında sənaye quruculuğu prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bölgələrdə formalaşan xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan sənaye müəssisələri ən müasir standartlar səviyyəsində qurulur. Bu müəssisələrin sayı artdıqca ixracyönümlü "Made in Azerbaijan" brendi ilə dünyaya çıxan məhsula tələbat da artır. Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələri yaradılır.

Beləliklə, modern sənayeləşmə Azərbaycanın iqtisadi qüdrətinin artmasına böyük təkan verir. Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev illər əvvəl demişdi: "Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək". Bu gün sənaye park və məhəllələrimizdə istehsal olunan məhsulların dünyanın müxtəlif ölkələrinə Azərbaycan brendi ilə ixrac olunması illər əvvəl uzaqgörənliklə vurğulanan bu fikrin əyani sübutudur. Hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur.

Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Bütün sənaye parkları və məhəllələri son dərəcə qabaqcıl texnologiyaların tətbiqi, ən müasir infrastruktur təminatı, əlverişli və asan nəqliyyat-kommunikasiya şərtləri ilə fəaliyyət göstərir,

Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Belə ki, dövlət başçısının həmin ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən yaradılan Neftçala sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Sənaye məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. 2016-cı ildə ölkə başçısı Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 10 müəssisə iştirakçı kimi qeydiyyata alınmış, 7 müəssisə istehsal fəaliyyətinə başlamışdır. 2017-ci ildə açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq var. Sabirabad Sənaye Məhəlləsi "Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsidir. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması istiqamətində 4,8 hektar ərazidə Şərur Sənaye Məhəlləsi yaradılmışdır.

Sənaye parkları və məhəllələri logistik imkanlar baxımından əlverişli ərazilərdə - əsasən magistral avtomobil və dəmir yolu xətlərinin yaxınlığında yerləşirlər. Bu da onların investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillərdən biridir. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Hazırda sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlərin sayı 26-ya çatmışdır. Ümumilikdə sənaye zonalarına (parklar və məhəllələr) müəssisələr tərəfindən 6,56 milyard manat, o cümlədən 2023-cü ilin birinci yarımili üzrə 86,4 milyon manat investisiya yatırılmışdır ki, bunun da nəticəsində faktiki olaraq 11000-ə yaxın iş yeri yaradılmışdır. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 615,9 milyon manatdan çox investisiyanın qoyulması və 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günə kimi 10,2 milyard manatdan çox, o cümlədən 2023-cü ilin birinci rübü üzrə 1 419,5 milyon manat həcmində məhsul istehsalı həyata keçirilmişdir ki, bunun da 3,35 milyard manatlıq hissəsi, o cümlədən 2023-cü ilin birinci yarımili üzrə 470,6 milyon manatlıq hissəsi ixrac olunmuşdur.

Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları, sənaye məhəllələri sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində belə infrastrukturun yaradılmasına və inkişafına xüsusi yer verirlər. Türkiyə, Almaniya, Polşa, Çin və Cənubi Koreya kimi dövlətlərin təcrübələri sübut edir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac imkanlarını artırır, rəqabət qabiliyyətini gücləndirir, idxalı əvəz edən məhsulların istehsalını artırmağa münbit şərait yaradır, regionda məşğulluğun təmini, investisiyaların, qabaqcıl təcrübənin və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Mustafa KAMAL,

"Respublika".