ETİBARLI TƏRƏFDAŞLIQLAR
İqtisadiyyat

ETİBARLI TƏRƏFDAŞLIQLAR

Prezident İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Dövlət başçısının düşünülmüş, məqsədyönlü strateji xarici siyasəti nəticəsində bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir. Azərbaycanın uğurla əməkdaşlıq etdiyi mötəbər qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Ölkəmiz region ölkələrini birləşdirən, böyük resurs və potensiala malik olan bu təşkilatın üzvü kimi qurumun işində daim fəallıq göstərib. Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin quruma üzv olan dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" məqsədilə yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq yenidən formalaşdırılıb. Azərbaycan bu quruma 1992-ci ildə üzv olub.

İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə xüsusi önəm verən Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının VII Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə keçirilən IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqaməti iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir. ECO-nun fəaliyyətinə töhfələrini bu gün də davam etdirən ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla evsahibliyi edib.

Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın ölkəmizə hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib, Vətən müharibəsi dövründə siyasi və mənəvi dəstək açıq və birmənalı olub.

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVI Zirvə toplantısında çıxış edərək bir sıra mühüm məqamlara toxunan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Şavkat Mirziyoyevin yenidən Prezident seçildikdən sonra ilk olaraq Azərbaycana rəsmi səfərini xüsusi vurğulayan ölkə başçısı qardaşlıq münasibətlərini yüksək qiymətləndirib və Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söz açıb: "Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir".

Azərbaycanın "yaşıl enerji" potensialı bir çox beynəlxalq təşkilatlar kimi, İƏT-in də diqqət mərkəzindədir. Zirvə görüşündə dövlət başçımız Azərbaycanın enerji resursları haqqında da ətraflı məlumat verərək neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı Azərbaycanın yaxın gələcəkdə yaşıl və hidrogen enerjisi ixracatçısına çevirəcəyini bəyan edib.

Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı olub. Azərbaycanın İƏT-in fəaliyyətinə daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrini gücləndirməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Digər tərəfdən 2006-2012-ci illərdə İƏT Zirvə Toplantılarına evsahibliyi etməsi ECO çərçivəsində Azərbaycana olan etimadın göstəricisidir. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının XXVII iclası keçirilib. Təşkilatın mühüm qərarlarından biri Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilməsidir.

Bir sözlə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər ilə iqtisadi əlaqələrin genişləndirilməsi, illik ticarət dövriyyəsinin artırılması, mövcud tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində Azərbaycan tərəfindən mütəmadi olaraq atılan addımlar, irəli sürülən təşəbbüslər ölkəmizin regionda və dünyada nüfuzunu artırır.

Nurəngiz ADİLQIZI,

"Respublika".