Ermənistan darmadağın olmuş ordunu bərpa etmək istəyir
Gündəm

Ermənistan darmadağın olmuş ordunu bərpa etmək istəyir

“Сəbhədə vəziyyətin qeyri-sabit və gərgin olaraq qalması Ermənistanın sülh prossesindən yayınmaq istəməsinin göstəricisidir. Laçın yolu ətrafında “humanitar şou” oynayan Ermənistan havadarlarının da qeyri obyektiv mövqeyi sayəsində sülh prossesini faktiki olaraq tormozlamağa cəhdlər edir.”

Bu sözləri “Respublika”ya politoloq Yusif Bağırzadə deyib.

O həmçinin qeyd edib ki, Ermənistan bununla vaxt udmağa və bundan istifadə edərək İkinci Qarabağ savaşında darmadağın olan ordusunu bərpa etməyə çalışır: “Ermənistanın Hindistan, Fransa, İran kimi ölkələrlə olan silah müqavilələri, Yunanıstanla hərbi əməkdaşlıq haqqında danışıqlara başlaması da bunu sübut edir. İkinci bir tərədən isə vəziyyətin gərgin olaraq qalması, Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan və bununla bağlı Ermənistana təzyiq göstərən ayrı-ayrı ölkələrin sifarişlərindən qaynaqlanır".

Ekspert bildirib ki, Qərb, xüsusilə də Fransa Ermənistana hər platformada dəstəyini ifadə etməklə vəziyyətin qeyri-sabit qalmasında maraqlıdır. Rəsmi Paris düşünür ki, qeyri-sabit vəziyyət Ermənisitan cəmiyyətində Rusiyanın Ermənistanı müdafiə edə bilməməsi düşüncəsini daha da inkişaf etdirə və nəticədə anti-Rusiya mövqeyini möhkəmləndirə bilər. Bununla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən Fransa və ABŞ sonrakı mərhələdə Rusiyadan qalan yeri özlərinin doldurmasını hədəfləyirlər. Problem ondadır ki, vəziyyətin gərgin olaraq almasında maraqlı olan tərəf təkcə Qərb deyil. Rusiyanın özü də tərəflərin sülhdə anlaşmamasında maraqlıdır. Çünki Rusiyaya görə Azərbaycan və Ermənistan arasında sülh nəticə etibarilə Rusiyanın təkcə Qarabağdan deyil, həm də növbəti mərhələdə Ermənistandan da çıxması demək olar. Eyni şeyi İranla bağlı da demək olar. Rəsmi Tehran da öz maraqları prizmasından Azərbaycan və Ermənistan arasındakı sülhdə maraqlı deyil. Başqa sözlə desək adı çəkdiyim oyunçulardan hər birinin vəziyyətin gərgin qalmasında öz maraqları olduğu üçün Ermənistan da mütəmadi olaraq təxribatlar törətməklə prossesi uzatmağa çalışır".

"Paşinyan və komandasının son günlərdəki bəyanatları, Azərbaycanın suverenliyi əleyhinə mövqe sərgiləməsi də elə məhz buna hesablanıb. Ermənistan hakimiyyəti bu cür bəyanatlarla həm danışıqlar masasından qaçır, həm də Ermənistan daxilində revanşist mövqedə dayanan müxalifətinin mövqelərini zəiflətməyə çalışır. Ermənistanın və onların havadarlarının hansı planlar qurmasında asılı olmayaraq biz sülh prossesində qətiyyətli olduğumuz qədər, separatçı rejimin tör-töküntülərinin ərazilərimizdən tez bir zamanda çıxarılmasında da maraqlıyıq. Odur ki, Ermənistanın bu cür mövqe sərgiləməsi ən çox elə onların özlərinə ziyandır, çünki bu cür münasibət cəbhədə yeni hərbi əməliyyatlarla nəticələnə bilər. Bunun nəticəsinin nə olacağı isə həm Ermənistana, həm də onların havadarlarına məlum olmalıdır" - deyə, politoloq bildirib.

Tacir SADIQOV,

“RESPUBLİKA”.